Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü gömrük postunda Türkiyədən Gürcüstan ərazisindən tranzit keçməklə Azərbaycana gələn Azərbaycan vətəndaşı Səfərəli Həcər Sabir qızına məxsus, içərisində havalandırma aparatı olan iki ədəd karton qutuya "Smitsh HS 100100 T-is markalı rentgen qurğusuyla baxış keçirilib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, baxış zamanı monitorda havalandırma aparatlarının içərisində naməlum predmetlərin təsviri görünüb.
Bu səbəbdən havalandırma aparatlarının arxa hissəsindəki vintlər açılaraq təkrar baxış keçirilib.
Təkrar baxış nəticəsində havalandırma aparatlarının içərisində 9800 kapsul "Lyrica (preqabalin) 150 mq və 10542 kapsul "Lyrica (preqabalin) 300 mq adlı dərman preparatları, bir ədəd sellofan torbada isə ümumi xalis çəkisi 194,475 qram psoxotrop maddə metamfetamin aşkar edilib.
Məlumatda bildirilir ki, "Lyrica (preqabalin) adlı dərman preparatları Azərbaycan Respublikasının müvafiq qanunu ilə təsdiq edilmiş "Güclü təsir edən maddələrin və onların külli miqdarının Siyahısına daxildir.
Aşkar edilən həmin dərman preparatlarının təsiredici maddəsinin ümumi miqdarı 4 kq 632,6 qramdır.
Aşkar edilən psixotrop maddə metamfetamin isə "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I siyahısına daxildir.
Faktla bağlı araşdırma aparılır.