Bazarda vətəndaşların pulunu mənimsəyənlər polis tərəfindən  saxlanılıb

Nizami rayonundakı 8-ci kilometr bazarında ("Vosmoy") insanları aldadan fırıldaqçılar saxlanılıb.
 
Unikal.org xəbər verir ki, bu barədə məlumatı musavat.com-a bazarda çalışanlar verib. Məlumata görə, fırıldaqçı şəxslər bir neçə gün əvvəl polis əməkdaşları tərəfindən saxlanılıb.

Xatırladaq ki, bu şəxslər bazarda güya meyvə-tərəvəz satışı ilə məşğul olurdular. Lakin əslində isə onların əsas işi satışla məşğul olmaq deyil, insanlardan pul oğurlamaq idi. Bazara gələnlərdən böyük əskinasları alaraq xırdalamağı təklif edən bu şəxslər daha sonra həmin pulun bir hissəsini xüsusi fəndlərlə qatlayaraq, oğurlayırdılar. Bu şəxslərin hər gün yüzlərlə qurbanı olurdu. 

Bu il yanvar ayının 24-də həmin şəxslərin əməllərini ifşa edən videogörüntülər musavat.com-un əməkdaşları tərəfindən lentə alınmışdı.