Azərbaycan Gürcüstanda yanğınların söndürülməsinə yenidən helikopter göndərib.

Unikal.org apa-ya istinadən xəbər verir ki, Gürcüstan hökumətinin müraciətinə əsasən, Azərbaycan prezidenti İlham Əliyevin tapşırığı ilə Fövqəladə Hallar Nazirliyinin 1 yanğınsöndürmə helikopteri 10 nəfərlik heyətlə bu gün Gürcüstana yola düşüb.

Qeyd edək ki, dünən Gürcüstanın Abastumani kurort şəhəri yaxınlığında yanğın başlayıb. Yanğının 5 hektardan çox sahəni əhatə etdiyi bildirilir. Hadisə yerinə canlı qüvvə, texnika və bir helikopter cəlb olunub. Güclü külək yanğının söndürülməsini çətinləşdirir. Ukrayna yanğının aradan qaldırılması üçün An-32P təyyarəsi göndərib. Türkiyənin də Gürcüstana helikopterlər göndərəcəyi gözlənilir.

Xatırladaq ki, bir neçə gün əvvəl Gürcüstanın Borjomi-Xarqulsk qoruğunda da yanğın baş vermişdi. Gürcüstan hökumətinin müraciətinə əsasən, Azərbaycan prezidenti İlham Əliyevin tapşırığı ilə təbii fəlakət zonasına FHN-nin 22 texnikası, o cümlədən 1 helikopteri və 131 nəfər canlı qüvvəsi, Dövlət Sərhəd Xidmətinin 2 helikopteri və 6 nəfər ekipaj heyəti cəlb edilmişdi.