Sentyabrın 2-də Cəlilabadda "Avanqard Məhdud Məsuliyyətli Cəmiyyətinin dənli və paxlalı bitkilərin təmizlənməsi və qablaşdırılması müəssisəsi istifadəyə verilib.


Unikal.org xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müəssisənin açılışında iştirak edib.

Dövlətimizin başçısına məlumat verildi ki, bu emal kompleksinin ümumi ərazisi 5 hektardır. Kompleksin tərkibinə taxıl anbarı, dəyirman, paxlalı bitkilər və un məmulatlarının qablaşdırılması zavodu daxildir.

Paxlalı bitkilər və un məmulatlarının qablaşdırılması zavodunda paxlalı bitkilərin, o cümlədən noxud, lobya, mərci və digərlərinin çeşidlənməsi və qablaşdırılması üçün müasir avadanlıqlar quraşdırılıb. Gücü saatda 5 ton olan zavod məhsulun keyfiyyətli olması üçün bütün zəruri avadanlıqla təchiz edilib. Emal kompleksində müasir tələblərə cavab verən taxıl anbarı və dəyirmanda Azərbaycan və Türkiyə, paxlalı bitkilər və un məmulatlarının qablaşdırılması zavodunda isə Türkiyə istehsalı olan avadanlıqlar quraşdırılıb. Müəssisənin 100 faiz yerli xammal bazası əsasında fəaliyyət göstərməsi nəzərdə tutulub. Bu məqsədlə regionda fəaliyyət göstərən fermerlərlə müvafiq müqavilələr bağlanıb və onlarla emal kompleksinin tələbatına uyğun olaraq məhsul istehsal etmələri istiqamətində təşviqat işləri aparılıb. Bu layihə emal müəssisəsinin fəaliyyəti zamanı idxaldan asılılığı azaltmaqla yanaşı, yerli fermerlərə stimul verir, onları məhsul istehsalının həcmini daha da artırmağa sövq edir.

Qeyd edildi ki, taxıl anbarının tutumu 10 min ton, müasir dəyirman kompleksinin emal gücü isə saatda 30 tondur. Ümumi dəyəri 5,3 milyon manat olan taxıl anbarı və dəyirman kompleksinin yaradılmasına İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 1 milyon manat məbləğində güzəştli kredit, həmçinin dəyəri 850 min manat olan çeşidləmə və qablaşdırma avadanlıqları üçün investisiya təşviqi sənədi verilib. Xammal və hazır məhsulların daşınması üçün iri tutumlu 5 nəqliyyat vasitəsi alınıb.

Layihənin tam icrası nəticəsində 80-dək daimi yeni iş yeri yaradılacaq. Ölkədə bu cür müəssisələrin yaradılması idxaldan asılılığın aradan qaldırılması və ixracyönümlü məhsulların çeşidinin artırılmasında da mühüm rol oynayır.


***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Cəlilabad Telekommunikasiya Qovşağının əsaslı şəkildə yenidən qurulan inzibati və texnoloji binasında yaradılan şəraitlə tanış olub.

Unikal.org xəbər verir ki, son illər ölkəmizdə bütün sahələrdə olduğu kimi, informasiya-kommunikasiya texnologiyaları sektorunda da mühüm uğurlar əldə edilib. Dövlətimizin başçısının bu sahənin inkişafı ilə bağlı qəbul etdiyi qərarlar, imzaladığı sənədlər və verdiyi tapşırıqlar İKT sektorunun müasir tələblər səviyyəsinə çatmasına hərtərəfli zəmin yaradıb. Bu inkişaf özünü telekommunikasiya qovşaqlarının binalarının əsaslı şəkildə yenidən qurulmasında, ən müasir avadanlıqla təchiz olunmasında da aydın büruzə verir. Cəlilabadda Telekommunikasiya Qovşağının inzibati və texnoloji binasının əsaslı şəkildə yenidən qurulması bu işlərin coğrafiyasının ölkənin hər yerini əhatə etdiyini göstərir. Son dövrlərdə bu sahədə bir sıra mühüm layihələr icra olunub ki, bunlar da, ilk növbədə, əhaliyə yüksək səviyyədə İKT xidmətləri göstərmək üçün hərtərəfli şərait yaradıb. Bu baxımdan "Şəbəkə xidmət mərkəzlərinin də böyük rolu var. "Şəbəkə müxtəlif xidmətlərin vahid məkanda cəmlənməsinə şərait yaradıb. Bu isə, ilk növbədə, vətəndaşların vaxt itkisini aradan qaldırmağa, onların vahid məkanda bir neçə əməliyyatı yerinə yetirməsinə geniş imkan verir. Bundan başqa, bu xidmət həm də nağdsız ödənişlər üçün əlverişli zəmin yaradır. Bir sözlə, Prezident İlham Əliyevin rəhbərliyi ilə İKT sektorunun inkişafı prioritet sahələrdən biri kimi qəbul edilib və bu istiqamətdə olduqca əhəmiyyətli addımlar atılıb.

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Cəlilabad Telekommunikasiya Qovşağının inzibati və texnoloji binasında görülən işlər barədə dövlətimizin başçısına məlumat verdi.

Sahəsi 1700 kvadratmetrdən çox olan dördmərtəbəli bina əsaslı təmir-tikinti işləri aparılaraq yenidən qurulub. Qovşağın ətrafında geniş abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb, işıqlandırma sistemi quraşdırılıb.

Qovşağın birinci mərtəbəsində "Şəbəkə xidmət mərkəzi yaradılıb. Nazirliyin qurumları tərəfindən vətəndaşlara göstərilən bütün poçt və telekommunikasiya xidmətləri artıq bir məkanda təqdim ediləcək. "Şəbəkə xidmət mərkəzində poçt xidmətləri, bütün növ ödənişlər, telefon çəkilişləri, internetə qoşulma, IMEI qeydiyyat, "Elektron hökumət, "Elektron imza, valyuta mübadiləsi, poçtamt xidməti, aviabiletlərin və turpaketlərin satışı və digər bir çox xidmətlər təqdim olunacaq. Sahəsi 450 kvadratmetr olan mərkəz əsaslı təmir edilib. Ən son texnoloji tələblərə uyğun avadanlıqla təchiz olunan mərkəzdə müasir çeşidləmə otağı yaradılıb.

Dövlətimizin başçısına mərkəzdəki elektron hökumət ödəmə sistemi barədə də məlumat verildi. Qeyd olundu ki, bu sistem vasitəsilə hazırda kommunal xərclər və digər ödənişlər mümkündür. Mərkəzdəki "Elektron imza və "Elektron hökumət portalı ilə bağlı həyata keçirilən yeniliklər barədə də ətraflı məlumat verildi. Diqqətə çatdırıldı ki, vətəndaşlar mərkəzdən aviabiletlər əldə edə bilərlər. Burada müvafiq təlimlər keçmiş işçilər həftənin 7 günü saat 9:00-dan 20:00-dək vətəndaşlara xidmət göstərəcəklər. Mərkəzdə könüllülər də fəaliyyət göstərirlər. Gələcəkdə onların bu müəssisədə çalışmaları nəzərdə tutulub.

Qovşağın binasının inzibati hissəsinin foyesində ulu öndər Heydər Əliyevin siyasəti fəaliyyəti, həmçinin dövlətimizin başçısının İKT sahəsinə göstərdiyi diqqət və qayğını əks etdirən fotolardan ibarət stendlər yaradılıb. Qovşaqda fəaliyyət göstərəcək Elektron Hökumət Təlim-Tədris Mərkəzi də yenidən qurulub və müasir avadanlıqla təchiz edilib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan Elektron Hökumət Təlim-Tədris Mərkəzi əhalinin, dövlət qulluqçularının və dövlət müəssisələrində çalışan işçilərin informasiya texnologiyalarından istifadə sahəsində hazırlıq səviyyələrinin artırılması və elektron idarəçilik üzrə bacarıqların inkişaf etdirilməsi məqsədilə yaradılıb. Ölkə üzrə 15 regionda 17 mərkəz fəaliyyət göstərir. Onlayn təhsil portalı vasitəsilə bütün regional mərkəzlər üçün real vaxt rejimində distant təlimlər keçirilir.

Prezident İlham Əliyevə respublika üzrə telekommunikasiya qovşaqlarında quraşdırılacaq yeni nəsil avadanlıqlar barədə də məlumat verildi.

Bildirildi ki, telekommunikasiya qovşaqlarının bu avadanlıqlarla təchiz edilməsi nəticəsində xidməti ən müasir səviyyəyə çatdırmaq mümkün olacaq. Azərbaycan Prezidentinin tapşırığına əsasən, regionlarda mövcud telekommunikasiya infrastrukturunun yenilənməsi və inkişafı istiqamətində layihələrə start verilib. Prezident İlham Əliyev tərəfindən təsdiq olunan Dövlət Proqramına uyğun olaraq, ölkə əhalisinin genişzolaqlı internetə çıxışının daha da yaxşılaşdırılması üçün aparılan işlər bütün regionları əhatə edəcək.

Sonda xatirə şəkli çəkdirildi.


***

Sentyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cəlilabada səfəri çərçivəsində şəhərin içməli su təchizatı sisteminin və kanalizasiya şəbəkəsinin istifadəyə verilməsi mərasimində iştirak edib.

Unikal.org xəbər verir ki, "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə "Cəlilabad şəhərinin içməli su təchizatı sisteminin yenidən qurulması və kanalizasiya infrastrukturunun yaradılması layihəsi barədə dövlətimizin başçısına məlumat verdi.

Bildirildi ki, bu layihə "Meliorasiya və Su Təsərrüfatı ASC-nin sifarişi əsasında Dünya Bankı ilə birgə maliyyələşdirilən "Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi çərçivəsində həyata keçirilir. Layihə çərçivəsində Cəlilabad şəhərinin 2030-cu il üçün proqnozlaşdırılan 77 min nəfər əhalisini ekoloji təmiz içməli su ilə təmin etmək məqsədilə 11035 evin su təchizatı və kanalizasiya şəbəkəsinə qoşulması nəzərdə tutulub. Layihə çərçivəsində tikinti işlərinə 2012-ci ildə başlanıb və 2018-ci ilin birinci rübünə tam başa çatdırılması planlaşdırılır. Masallı rayonu ərazisində inşa olunmuş su anbarından suyun Cəlilabad şəhərində hər birinin tutumu 5 min kubmetr olan 2 su anbarına öz axını ilə verilməsi üçün ümumi uzunluğu 30048 metr olan magistral boru xətti çəkilib, ümumi uzunluğu 230225 metr olan müxtəlif diametrli borulardan içməli su şəbəkəsi yaradılıb, evlər su sayğacları ilə təmin edilib.

Qeyd olundu ki, çirkab sularının nəqli üçün diametri 1000 millimetr və uzunluğu 6905 metr olan kanalizasiya kollektor xətti, uzunluğu 1734 metr olan müxtəlif diametrli təzyiqli çirkab su xətti və 186383 metr uzunluğunda çirkab su şəbəkəsi çəkilib. Kanalizasiya şəbəkəsi üzərində 4371 baxış quyusu inşa edilib, evlər bu şəbəkəyə qoşulub. Layihə üzrə 5 kanalizasiya nasos stansiyasının ikisində işlər tam yekunlaşdırılıb, üçündə isə inşaat işləri başa çatdırılaraq mexaniki və elektromexaniki işlər davam etdirilir. Hazırda gündəlik gücü 11356 kubmetr olan çirkab su təmizləyici qurğuda inşaat işləri davam etdirilir.

Cəlilabad şəhərinin su təchizatı və kanalizasiya sistemləri 1960-cı illərdə yaradılıb. Yeni layihənin icrasınadək şəhərə içməli su subartezian quyularından verilirdi. Su şəbəkəsi şəhər əhalisinin yalnız 6,1 faizinə xidmət edirdi. İçməli su gün ərzində 2-4 saatlıq qrafik əsasında verilirdi. Əhalinin qalan hissəsi isə tələbatını fərdi qaydada ödəyirdi. Cəlilabad şəhərinin kanalizasiya sistemi də müasir tələblərə cavab vermirdi.

Sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Rayon sakini, Əməkdar Müəllim Qərənfil Əhmədova Cəlilabadın inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.

Prezident İlham Əliyev Cəlilabad şəhərinə içməli suyun verilməsini bildirən düyməni basdı.

Sonda xatirə şəkli çəkdirildi.


***

Sentyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 22,2 kilometrlik Lənkəran-Masallı hissəsinin açılışında iştirak edib.

Unikal.org xəbər verir ki, Azərbaycan Prezidenti yolun texniki-iqtisadi göstəricilərini əks etdirən stendlərə baxdı.

"Azəravtoyol Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun tikintisi regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq, Azərbaycan Hökuməti ilə Asiya İnkişaf Bankı arasında 2008-ci ildə imzalanmış saziş əsasında aparılır. Yolun 22,2 kilometrlik Lənkəran-Masallı hissəsinin tikintisi yüksək keyfiyyətlə həyata keçirilib. 1B texniki dərəcəli və dörd hərəkət zolağından ibarət yolun eni 26,5 metrdir. Layihə çərçivəsində yol üzərində 10 körpü tikilib,142 dairəvi və düzbucaqlı boru inşa olunub, mal-qara keçidləri quraşdırılıb. Bu, yolda avtomobillərin rahat hərəkətinin tam təmin edilməsinə şərait yaradır.

Ümumiyyətlə, ölkəmizdə regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarına uyğun olaraq, avtomobil yollarının tikintisi və yenidən qurulması işlərinin həcmi ildən-ilə artır. Hazırda respublikanın nəqliyyat-yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı beynəlxalq maliyyə qurumlarının əsaslı vəsait qoyuluşları ilə yanaşı, dövlət büdcəsi vəsaiti hesabına da irimiqyaslı layihələr uğurla icra olunur. Prezident İlham Əliyevin sərəncam və göstərişlərinə əsasən, indi əsas diqqət regionlarda kənd və qəsəbələri birləşdirən magistralların, həmçinin yaşayış məntəqələrinin daxili yollarının təmirinə və yenidən qurulmasına yönəldilib. Belə layihələr sırasında Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 22,2 kilometr uzunluğunda Lənkəran-Masallı hissəsinin tikintisi xüsusi əhəmiyyəti ilə seçilir.

Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi.


***

Sentyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cəlilabad rayonuna səfərə gəlib.

Unikal.org  xəbər verir ki, Azərbaycan Prezidenti Cəlilabad şəhərindəki Heydər Əliyev parkında Ulu Öndərin abidəsi önünə gül dəstəsi qoyaraq, xatirəsini dərin ehtiramla yad etdi.

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov parkda və ümumilikdə, rayonda görülən abadlıq-quruculuq işləri barədə Prezident İlham Əliyevə məlumat verdi.

Bildirildi ki, Heydər Əliyev parkı rayon sakinlərinin istirahət üçün üz tutduqları ən çox sevilən məkanlardan biridir. Burada fəvvarələr quraşdırılıb, müasir işıq dirəkləri və oturacaqlar qoyulub, yaşıllıq zolağı salınıb. Parkda sakinlərin istirahətlərinin səmərəli təşkili üçün hərtərəfli şərait yaradılıb.