Azərbaycanda kənd təsərrüfatı ilə məşğul olanlara dövlət tərəfindən verilən dəstək heç bir başqa ölkədə yoxdur. İlk növbədə, əgər biz vergi siyasətinə nəzər salsaq görərik ki, ölkəmizdə fermerlər bütün vergilərdən azad olunublar, təkcə torpaq vergisindən başqa.
Unikal.org xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Lənkəranda çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində bildirib.
Dövlətimizin başçısı deyib: "Əlbəttə ki, bu, dövlət tərəfindən fermerlərə göstərilən böyük dəstəkdir. Dövlət xətti ilə ən müasir texnika alınır. Dünən təsərrüfatlarla tanış olarkən mən yeni texnikanı da gördüm. Bu texnikasız kənd təsərrüfatını inkişaf etdirmək, ümumiyyətlə, mümkün deyil. Bu il Azərbaycana 10 min ən müasir texnika gətirilib. Fermerlərə subsidiyalar verilir. Qeyd etdiyim kimi, güzəştli şərtlərlə kreditlər verilir. Yanacağın, gübrənin böyük hissəsi dövlət tərəfindən təmin edilir, metodik tövsiyələr verilir. Dövlət tərəfindən verilən tövsiyələr əsasında 40-a yaxın müasir aqropark yaradılır. Yəni, sahibkarlara, fermerlərə dövlət tərəfindən bu qədər dəstək verilir və biz bunun nəticəsini də görürük. Sahibkarlar da, fermerlər də bu işlərə məsuliyyətlə yanaşırlar, götürülmüş kreditlər vaxtında qaytarılır. Növbəti illərdə bütün sahələr üzrə konkret işlər görüləcək.