ANS-in Qızıl Fondu 1993-cü ildə Gəncə hadisələrinə görə Milli Məclisdə deputatların bir-birinə qarşı ittiham dolu çıxışlarından bəhs edən videokadrları təqdim edir. Həmin iclasda millət vəkilləri baş verən hadisələrlə bağlı bir-birinə qarşılıqlı ittihamlar səsləndiriblər.
13 iyun 1993-cü ildə Milli Məclisdə Gəncə hadisələri ilə bağlı gərgin müzakirələr başlayıb. Gəncədəki hərbi qiyamı yatırmaq üçün həyata keçirilən uğursuz əməliyyata görə məsuliyyət daşıyan AXC iqtidarının ikinci şəxsi, parlamentin sədri İsa Qəmbər istefa verib. Onun istefasını Surət Hüseynovun başçılıq etdiyi qiyamçılar dəstəsi tələb edirdi.
4 iyun 1993-cü ildə Gəncədə Azərbaycan ordusunun keçmiş korpus komandiri Surət Hüseynovun başçılıq etdiyi hərbi qüvvələrlə hökumət qüvvələri arasında silahlı toqquşma baş verib. S.Hüseynovun nəzarətində olan 709 saylı hərbi hissənin tərk-silah edilməsi ilə bağlı həyata keçirilən əməliyyat uğursuz olub, hər iki tərəfdən 35 nəfər həlak olub. Gəncəyə göndərilmiş hökumət rəsmiləri S.Hüseynovun dəstəsi tərəfindən girov götürülüblər. Bu hadisə Azərbaycanda dərinləşməkdə olan hərbi-siyasi böhranı kritik həddə çatdırıb, ölkə vətəndaş müharibəsi astanasına gəlib.