Vergidən yayınan sənət adamlarının adları açıqlanacaq.
 
Unikal.org xəbər verir ki, bu haqda Musavat.com-a Vergilər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Şahin Məmmədov məlumat verib. 
 
O bildirib ki, nazirlik ilə problem yaşayan müğənnilərin siyahısı mətbuata təqdim ediləcək: "Müğənnilər 2016-cı ilin birinci rübü üzrə fəaliyyətlərinə dair aprelin 1-dən 20-ə kimi bəyannamələr təqdim edirlər. Aprelin 20-də sadələşmiş vergi bəyannamələri başa çatır. Biz də 1 həftə ərzində araşdırma aparacağıq, verdikləri məlumatları təhlil edəcəyik. Aprelin sonunda vergidən yayınan şou-biznes nümayəndələrinin adını açıqlayacağıq. Ötən ilin sonlarında qaydaları sərtləşdirdik. Sənətçilər dekabrda 11 ayda ödədiklərindən daha çox vergi ödəmişdilər. Əvvəlki illərə nisbətən hazırda vergi ödəyən sənət adamlarının sayı artıb".
 
Müğənni Ayan Babakişiyeva bildirib ki, vergi ödəmək hər bir vətəndaşın borcudur: "İkinci devalvasiyadan sonra demək olar ki, toya dəvət edənlər yoxdur. Əlbəttə, qazanırıqsa, vergi də ödəməliyik. Mən toylara çox nadir hallarda gedirəm. İştirak etdiyim toyların çoxu dost-tanış toyudur".
 
Meyxanaçı Namiq Qaraçuxurlu isə toyların sayının azalmasından şikayətlənib: "Uzun müddət Azərbaycandan uzaqda yaşadım. Çindən qayıdandan sonra başım  sənətimə qarışdı, mahnı yazdırıb, klip çəkdirdim. Bilirsiniz ki, toyların sayı kəskin azalıb. Ayda bir toya dəvət alanda sevinirik. Vergi ödəmək hər vətəndaşın borcudur. Təki iş olsun, biz də vergimizi ödəyək".
 
Qeyd edək ki, vergilər nazirinin müavini Sahib Ələkbərov mətbuata açıqlamasında müğənnilərin vergi ödəməməsindən gileylənmişdi: "Şou-biznes nümayəndələri, böyük məbləğ müqabilində toya gedən müğənnilər 50 manat vergi ödəyirlər. Amma səhər tezdən küçələri süpürən və bunun müqabilində 300 manat məvacib alan süpürgəçi axır qəpiyinədək vergi ödəyir. Ay ərzində 10 toya gedən, yüksək gəlir əldə edən vergi ödəmək istəmir. Xeyir ola?! Aparılan maarifləndirmə işlərindən sonra ötən ilin dekabrında şou-biznes nümayəndələri tərəfindən ödənilən verginin ümumi məbləği dəfələrlə artıb. Bu ilin birinci rübündə də bu sahədə artım var"