Azərbaycan bəstəkarı və müğənnisi, xalq artisti, ölkəmizin Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu Novosibirskdə səhnəyə çıxıb.
 
Unikal.org-un anspress-ə istinadən məlumatına görə, o, 14 yaşlı oğlu Murtuza Bülbüloğlu ilə eyni səhnəni bölüşüb. Səfirin dirijorluq edən oğlu ilə eyni səhnəni bölüşməsini əks etdirən video "YouTube" video portalında yerləşdirilib.
 
Polad Bülbüloğlu Arnold Kats adına filarmoniyada Transsibir Art-Festivalı çərçivəsində keçirilən "Uşaqlar - uşaqlara" adlı konsertdə çıxış edib. Bu konsertdə onun 14 yaşlı oğlu Murtuza dirijor rolunda çıxış edib.
 
"Mənim oğlumu - Murtuzanı bu festivala dəvət etdiyi üçün Vladimir Repinə minnətdaram. Özüm dedim ki, oğlumu müşayiət edəcəm, əgər lazımdısa, bir-iki mahnı mən də ifa edərəm. Və bu təklif sevinclə qarşılandı", - deyə səfir səhnədə bildirib.
 
P.Bülbüloğlu səhnədə iki mahnı ifa edib - "Gəl ey səhər" və "Qorxma, mən səninləyəm" filmində səsləndirdiyi ifanı. Səfir bir neçə il öncə adıçəkilən filmin ikinci hissəsində də rol alıb.
 
Novosibirskdə üçüncü "Transsibir art festivalı" 2016-cı il aprelin 9-dan 24-dək Novosibirsk şəhərində keçirilir. Festival çərçivəsində Böyük Britaniya, İsrail, Cənubi Koreya, Yaponiyada da konsertlər keçirilməlidir. Tədbirlərdə 26 solistin və 11 dirijorun iştirak edəcəyi gözlənilir.