Təhsil Nazirliyi orta məktəblərdə həftənin cümə gününə düşdüyü üçün dərslərin sentyabrın 15-dən deyil, sentyabrın 18-dən - bazar ertəsi günündən başlanılacağı ilə bağlı məlumatlara aydınlıq gətirib.
Unikal.org xəbər verir ki, Trend-in sorğusuna cavab olaraq nazirlikdən bildirilib ki, dərslər sentyabrın 18-dən deyil, 15-dən başlayacaq.
Nazirlikdən əlavə edilib ki, Azərbaycanda tədris ilinin başlanılma tarixi Nazirlər Kabinetinin qərarı ilə müəyyən edilib.
Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarı ilə "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"ndə edilmiş dəyişikliyə əsasən, ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-də başlayıb, iyunun 14-də başa çatır. Buna görə də bu il də 5 günlük tədris həftəsi ilə təhsil alan şagirdlər dərslərinə sentyabrın 15-də başlamalı, 2 günlük fasilədən sonra, yəni sentyabrın 18-dən tədrislərinə davam etməlidirlər.
6 günlük tədris həftəsi ilə təhsil alanlar isə sentyabrın 15-i və 16-da dərs məşğələlərində iştirak etməlidirlər.
Nazirlikdən o da qeyd edilib ki, hər bir dərs ilində şagirdlər üçün tətil günləri müəyyənləşdirilir. 2017-2018-ci tədris ili üçün müəyyənləşdirilmiş tətil günləri 16-20 noyabr (5 gün payız tətili ), 27-31 yanvar (5 gün qış tətili), yalnız ibtidai siniflərin şagirdləri üçün 1-5 maydır (5 günlük əlavə yaz tətili).