Xəbər verdiyimiz kimi, Bakının Səbail rayonunda "Sahil bağı (keçmiş "26 Bakı Komissarı" bağı) yaxınlığında, Xaqani küçəsində yerləşən "26 - "Twenty six adlı kafe bağlanıb.Əraziyə Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov da gəlib. Paytaxt meri deyib ki, Bakının mərkəzində "26 adlı kafenin açılması yolverilməzdir: "Azərbaycanlıların soyqırımını təşkil edən qatillərin havadarları təəssüf ki, bu gün də yaşayırlar. Bunun nəticəsidir ki, Yazıçılar Birliyinin binasının bir hissəsi icarəyə götürüb, iki mərtəbəli yerdə "26 sözünü nəinki Azərbaycan, hətta ingilis dilində də yazmağa cürət ediblər.
Məsələ ilə bağlı Azərbaycan Yazıçılar Birliyinin İctimiayyətlə Əlaqələr Şöbəsinin rəhbəri Xəyal Rza Unikal.org-a açıqlamasında bildirib ki, başda Anar müəllim və Yazıçılar Birliyinin mövqeyi ondan ibarətdir ki, bizim icarəyə verdiyimiz obyektin ad seçimi ilə bağlı heç bir şərhimiz yoxdur:
"" 26 - "Twenty six adlı kafeni 26 Bakı komissarlığı ilə bağlamaq nə dərəcədə düzgün olub-olmadığını biz bilmirik. Hacıbala müəllimin bu kafenin sahibini ermənipərəst adlandırması iddiası da bizə qəribə gəldi. Bütün bunlar hüquq-mühafizə orqanları tərəfindən araşdırılacaq. Belə çıxır ki, respublikada 26 rəqəmindən hər hansısa yerdə istifadə edilməməlidir?
Kafe orada bir neçə aydır fəaliyyət göstərir. Bu qərarın indi verilməsi başa düşülən deyil. Paytaxtımızda dünənə kimi 26 Bakı komissarlığı adında küçə də var idi. Əslində ən böyük qəbahət bax budur.
X.Rza Yazıçılar Birliyinin binasındakı sözügedən ərazi boş olduğundan icarəyə verildiyini deyib:
"Biz buna necə müdaxilə edə bilərdik? Biri açdığı obyektin adını 26, digəri isə 28 qoyur. Onda belə çıxır ki, kimsə 26 rəqəmindən istifadə etmək üçün Hacıbala Abutalıbovdan icazə almalıdır?
Amid Əyyuboğlu