ATƏT Parlament Assambleyası Almaniyanın Lansvayler şəhərində "ATƏT-in münaqişə dövrünün kəsilməsi istiqamətindəki tədbirlərinə ATƏT PA və onun üzvlərinin geniş töhfə vermək imkanları - həlli uzadılmış münaqişələrə xüsusi diqqət" mövzusunda seminar təşkil edib.
Seminarın ilk günündə Fransa - Almaniya arasında Saar bölgəsi, İtaliya -Almaniya arasında isə Tirol bölgəsində vaxtilə mövcud olan münaqişələrin həlli yolları və mezanizmləri haqqında nümunəvi təqdimatlar olmuşdur. Sonra gətirilən nümunələrin ATƏT ərazisində mövcud olan münaqişələrə tətbiq olunma imkanları müzakirə edilib.
Müzakirələrdə yaxından iştirak edən ATƏT PA-nın siyasi məsələlər və təhlükəsizlik komitəsinin sədr müavini, büro üzvü Azay Quliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hazırkı vəziyyət və Ermənistanının məsələyə yanaşması ilə Fransa, İtaliya və Almaniyanın o zamankı yanaşması ilə əlaqədər müqayisələr apararaq 4 vacib fərqi qeyd edib: "Siz burada münaqişənin həlli variantı kimi Saar və ya Triolu misal çəkdiniz. Biz bunu başa düşürük. Ancaq istərdim biləsiniz ki, Ermənistan-Azərbaycan münaqişəsi ilə sizin modeli müqayisə etsək burada 4 ciddi fərqi görə bilərik".
Birincisi, Fransa, Almaniya və İtaliyadan fərqli olaraq Ermənistan Dağlıq Qarabağda etnik təmizləmə siyasəti həyata keçirərək orada yaşayan bütün azərbaycanlıları qovubdur.
İkincisi, yuxarıda adları çəkilən ölkələrdən fərqli olaraq Ermənistan Dağlıq Qarabağa aidiyyatı olmayan ətraf 7 rayonu işğal edib və oradakı yüz minlərlə əhalinin didərgin salıbdır.
Üçüncüsü, yuxarıda adları çəkilən ölkələrdən fərqli olaraq Ermənistan işğal etdiyi Dağlıq Qarabağa və ətraf rayonlara qanunsuz olaraq Ermənistandan və xaricdən erməniləri gətirərərk məskunlaşdırıb, işğal olunmuş ərazilərdə Azərbaycana məxsus bütün tarixi və mədəni abidələri məhv edib və ya özününküləşdirib, işğal etdiyi ərazidə beynəlxalq hüquqa zidd olaraq iqtisadi, maliyyə və digər qanunsuz fəaliyyət həyata keçirir.
Dördüncüsü, yuxarıda adları çəkilən dövlətlərdən fəqrqli olaraq Dağlıq Qarabağda birtərəfli qaydada qanunsuz referendum keçirtməklə regionun hüquqi statusunu müəyyənləşdirməyə çalışır.
A.Quliyev daha sonra deyib: "Gördüyünüz kimi, Ermənistan tarixdə indiyə kimi olmayan bir presedentə əl ataraq ilk növbədə ərazini işğal edir, oradakı azərbaycanlı əhalini etnik təmizləməyə məruz qoyur və sonra da saxta referendum keçirtməklə Dağlıq Qarabağın siyasi taleyini həll etmək istəyir. Mən bu təkzib olunmaz faktları ona görə gətrirdim ki, hər kəs Ermənistanın bölgədə törətdiyi cinayət əməllərini bir daha görsün. Mən istərdim ki, Ermənistan öz işğalçılıq siyasətindən əl çəkərək qonşu Azərbaycanla Almaniyanın , Fransanın və İtalyanın öz aralarında qurduğu dosluq və əməkdaşlıq mühitində yaşamağı bacarsın".