Bu gün Qubadlı rayon İcra Hakimiyyətində Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanında yüksək bal toplayan abituriyentlərlə görüş keçirilib.
İH-dən Unikal.org-a verilən məlumata görə, görüşdə rayon icra hakimiyyətinin başçısı Malik İsaqov, qurumun məsul şəxsləri, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri və məzunlar iştirak ediblər.
Tədbir açıq elan edildikdən sonra tələbə adını qazanan gəncləri təbrik edən icra başçısı Malik İsaqov qeyd edib ki, Ulu öndərimiz Heydər Əliyevin dediyi kimi təhsil hər bir xalqın gələcəyidir:
"Təhsilsiz inkişaf ola bilməz. Bu mənada elm, təhsil hər bir ölkənin inkişafının əsasını təşkil edir. Ölkəmizdə təhsilin inkişafı Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Bütövlükdə son illər təhsilin inkişafına xidmət göstərən 16 Dövlət Proqramı qəbul edilib. Bu Proqramlar məktəbəqədər təhsil, texniki peşə, orta ümumtəhsil və ali məktəblərin inkişafını nəzərdə tutan dövlət əhəmiyyətli fəaliyyət istiqamətlərini müəyyənləşdirir. Bu gün Qubadlı rayonunda da bu işlər uğurla davam etdirilir. Rayonda 32 ümumtəhsil məktəbi fəaliyyət göstərir ki, onlardan 11-i yeni tikilmiş, 21-i əsaslı təmir olunub. Eyni zamanda 2017-ci ildə Qubadlı rayon Xanlıq kənd məktəbi üçün yeni bina tikilərək şagird və müəllim kollektivinin istifadəsinə verilib. Cari ildə 491 məzundan 419-u sənəd vermiş və onlardan 301-i ali məktəblərə qəbul olublar. Qəbul imtahanlarında iştirak edən 49 məzun 500-600 arası, 16 məzun isə 600-dən yuxarı bal toplayıb. Butün bunlar cənab Prezident İlham Əliyevin və Birinci-vitse prezident Mehriban xanım Əliyevanın həyata keçirdiyi uğurlu təhsil siyasətinin nəticəsidir.
Sonra çıxış edən Qubadlı rayon təhsil şöbəsinin müdiri Fuad Bədəlov, Qubadlı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndə İlyas Süleymanov və digərləri gənclərlə görüşün təşkilinə, göstərilən diqqət və qayğıya görə ölkə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.
Sonda yüksək bal toplamış gənclərə icra hakimiyyəti tərəfindən mükafatlar verilib.