Sentyabrın 7-də başlamış geomaqnit qasırğası sentyabrın 8-də sözün əsl mənasında "tüğyan edib.

Unikal.org  xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayevin AZƏRTAC-a verdiyi məlumata görə, qasırğa sentyabrın 8-də gün ərzində aramsız olaraq davam edib, iki dəfə G4 sinfinə mənsub olan çox güclü qasırğa qeydə alınıb (maksimum G5 olur). Bundan əlavə, heç də zəif olmayan G3 və G2 sinifli qasırğalar baş verib.

Hazırda əsas geomaqnit indekslərindən biri olan Kp-nin qiyməti 2-3 ətrafında dəyişsə də, gün ərzində G2 və G1 gücünə malik qasırğaların olacağı proqnozlaşdırılır. Bununla yanaşı, texnoloji sistemlərə mənfi təsir göstərən Günəş radiasiya qasırğası və radiosiqnal donmaları da gözlənilir. Günəş plazma küləyinin sürəti nisbətən azalsa da, müxtəlif gücə malik Günəş alışmalarının baş vermə ehtimalı hələ də yüksək olaraq qalmaqdadır.