Bu ilin 7 ayında yol-nəqliyyat hadisələrində 26 azyaşlı ölüb, 122 nəfər xəsarət alıb
Yeni dərs ilinin başlanması ilə əlaqədar sentyabrın 10-dan oktyabrın 10-dək respublika ərazisində "Diqqət, uşaqlar adı altında təhlükəsizlik aylığı keçiriləcək.
Unikal.org xəbər verir ki, bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.
Məlumata görə, ölkədə, o cümlədən paytaxt ərazisində nəqliyyat vasitələrinin sayının ilbəil artaması fonunda ümumi yol-nəqliyyat hadisələrinin, eləcə də qəzalarda ölən və yaralananların sayının azalmasına baxmayaraq, cari ilin 7 ayı ərzində respublika ərazisində uşaq və yeniyetmələrin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisələrində 26 azyaşlının ölməsi, 122 nəfərin isə xəsarət alması ciddi narahatlıq doğurur.
"Diqqət, uşaqlar adı altında təhlükəsizlik aylığının keçirilməsinin əsas məqsədi də uşaq və yeniyetmələrin iştirakı ilə yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktiki tədbirlərin gücləndirilməsi, habelə ümumtəhsil məktəblərində şagirdlərə təhlükəsiz davranış vərdişlərinin aşılanması və tədris prosesinin səmərəliliyinin yüksəldilməsinə dövlət yol polisinin köməyinin artırılmasıdır.
Bildirilib ki, Daxili İşlər Nazirliyi rəhbərliyinin göstərişinə əsasən, aylıq ərəfəsində uşaq və yeniyetmələrin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisələrinin təhlili aparılaraq, onların başvermə səbəblərinin və şəraitlərinin aradan qaldırılması üzrə konkret profilaktiki tədbirlərin görülməsi, təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə, habelə uşaq və yeniyetmələrin toplaşdığı yerlərdə, onların hərəkət marşrutlarında yol şəraitinin yenidən müayinə olunması, hərəkətin təhlükəsiz təşkili nəzərə alınmaqla müvafiq tədbirlər, o cümlədən yol nişanlarının qoyulması, yararsızlarının yeniləri ilə əvəz edilməsi, nişanlama xətlərinin çəkilməsi və digər zəruri tədbirlər həyata keçiriləcək.
Sentyabrın 10-dan başlanacaq təhlükəsizlik aylığı ilə əlaqədar olaraq, Bakı Şəhər BPİ Dövlət Yol Polisi İdarəsi və 46 nömrəli Məktəbdənkənar Tərbiyə İşi Mərkəzi birgə tədbirlər planı hazırlayıb. Plana əsasən uşaqlara küçə və yollarda təhlükəsiz davranış vərdişlərinin aşılanması məqsədilə məktəblərdə yol hərəkəti qaydaları üzrə açıq dərslərin və digər zəruri maarifləndirici aksiyaların keçirilməsi nəzərdə tutulur.