Fikrət Yusifov: "Mərkəzi Bankın bu məsələdə yaxasını kənara çəkməsini isə böyük ədalətsizlik hesab edirəm"

"Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, pofessor Fikrət Yusifov unikal.org-a müsahibə verib.


- Fikrət müəllim, dünya bazarında neftin qiymətinin aşağı düşməsindən sonra ciddi problemlər yaşanmağa başlandı. Hazırda ölkənin iqtisadi durumunu necə dəyərləndirirsiniz?

 - Dünya bazarlarında neftin qiymətlərinin belə kəskin aşağı düşəcəyini heç kim gözləmirdi. Xüsusilə də neft hasil edən ölkələr üçün bu bir şok effekti yaşatdı. Lakin biz də qiymətlərin bu tezliklə və özü də belə kəskin azalacağını proqnozlaşdırmasaq da buna bir növ hazır idik. Belə ki, son 12 il ərzində Azərbaycan hökumətı ölkə iqtisadiyyatının neftdən asılılığını aradan qaldırmaq istiqamətində kifayət qədər hazırlıq işləri görə bilmişdi. Bu müddət ərzində praktik olaraq ölkənin bütün ərazilərində qeyri-neft sektorunun sürətli inkişafını təmin edə biləcək güclü infrastruktur yaradılmışdı. Bu gün Azərbaycanın bütün bölgələri üzrə enerji, qaz, yanacaq, su təminatı sahəsində problemlər demək olar ki, yoxdur. Yol- nəqliyyat infrastrukturunun və başqa zəruri xidmət sahələrinin yenidən qurulması sahəsində də çox ciddi işlər görülüb. Təbii ki, ölkədə real sektorun inkişafı üçün belə münbüt bir bazanın mövcudluğu çox önəmlidir.

Neftin qiymətlərində baş verən kəskin azalmalara baxmayaraq Azərbaycanın iqtisadi durumu tam dayanaqlıdır. Ölkənin maliyyə vəziyyəti sabitdir və valyuta ehtiyatları kifayət qədərdir. Heç nədən asılı olmayaraq bu gün Azərbaycan regionun iqtisadi cəhətdən ən qüdrətli dövlətidir. Sadə bir müqaisə aparaq. Əgər biz bütün təbii sərvətlərimizi, iqtisadi və maliyyə imkanlarımızı bir kənara qoysaq, Azərbaycanın bir tək Neft Şirkətinin aktivləri və kapitalının dəyəri dilənçi Ermənistanın 8 illik dövlət büdcəsindən çoxdur.

 - Dövlət Statistika Komitəsi bu ilin ötən dövrünün iqtisadi nəticələrini açıqlayıb. Rəqəmlər iqtisadi artımın aşağı düşdüyünü göstərir. Sizcə, iqtisadi azalma tempi bundan sonra da davam edəcək, yoxsa necə?

 - İqtisadiyyatda azalma əsasən neft faktoru hesabınadır. Bir tərəfdən neftin qiymətlərinin kəskin şəkildə aşağı düşməsi, digər tərəfdən isə onun hasilatının azalması iqtisadiyyatın vəziyyətinə təsirsiz ötüşə bilməzdi. Lakin kimlərinsə bundan bir "faciə" düzəltməsinə gərək yoxdur. Əsas olan budur ki, neftin qiymətləri ətrafında baş verənlər bizi pessimist əhval-ruhiyyəyə qapandırmadı. Əksinə, Azərbaycan hökuməti qısa zaman kəsiyində, ölkədə real sektorun inkişafını təmin edə biləcək ən ciddi qərarlar qəbul etməyi bacardı. Bu yolda, azad sahibkarlığın inkişafına maneə olan bütün maneələrin aradan qaldırılması istiqamətində ölkə başçısının atdığı qətiyyətli addımlar isə tədqirə layiqdir. Korrupsiya və rüşvətxorluğa qarşı açıq və barışmaz mübarizə və bu məsələdə heç kəsin toxunulmazlıq statusunun olmadığının cəmiyyətə bəyan edilməsi, inhisarçılığın və tikinti işlərinin aparılmasına maneə olan bütün məqamların aradan qaldırılması, lisenziyaların verilməsi sahəsindəki yeniliklər, gömrük və vergi sadələşmələri, yoxlamaların dayandırılması, appeliasiya şuralarının və maliyyə bazarlarına nəzarət palatasının yaradılması, əhalinin banklarda olan əmanətlərinin tam sığortalanması, ciddi struktur islahatlarına start verilməsi son bir neçə ay ərzində ölkə iqtisadiyyatının real sektorunun inkişafını təmin etməyə, ölkənin maliyyə sisteminin sabitliyinin qorunmasına və əhalinin həyat səviyyəsinin yüksəldilməsinə yönəli addımların bir qismidir. Cari ilin birinci rübünün yekunları üzrə baş vermiş iqtisadi azalmaların qarşıdakı rüblər ərzində aradan qalxacağı realdır. İqtisadiyyatın qeyri-neft sektorunun inkişafı istiqamətində görülən tədbirlər bunu deməyə əsas verir. Baxın, birinci rübdə ümumi azalmalara baxmayaraq qeyri-neft sənayesində 5,1%, aqrar sektorda 2,7% artım baş verib.

 - Milli valyutanın məzənnəsi ilə bağlı ajiotaj hələ də davam edir. Manat müəyyən qədər möhkəmlənsə də, qarşıdakı dövrdə dolların yenidən bahalaşma xətti götürəcəyini bildirirlər. Bu barədə Siz nə düşünürsünüz?

 - Əslində son bir ildən artıq müddət ərzində milli valyutamızın ətrafında baş verən proseslərdə əsil reallıqlardan daha çox psixoloji amillər öz işini gördü. Manatın məzənnəsində baş verən kəskin dəyişikliklərdə bu amilin rolunu heç kəs inkar edə bilməz. Son illərdə cəmiyyətimiz sanki bir dollar xəstəliyinə tutulmuşdu. Nəticə etibarıilə manat bu pisxoloji durumun bədəlini ödəməyə məhkum edildi. Əslində nə ötən ilin fevralında nə də dekabırında onun belə kəskin ucuzlaşmasının elə ciddi əsasları yox idi. Bəli, manatın tədricən, müəyyən həddə qədər yumşalması zərurəti artıq çoxdan ortada idi. Lakin belə kəskin ucuzlaşma onun nüfuzuna ciddi zərbə vurdu. Son aylar ərzində atılan addımlar manatın nüfuzunun bərpası istiqamətində müəyyən müsbət tendesiyaların olduğunu göstərir. Bütün hallar üçün biz milli valyutamızın əvvəlki nüfuzunun bərpa edilməsinə borcluyuq. Hesab edirəm ki, bundan sonrakı dövrdə manatın məzənnəsində hər hansı bir dəyişikliyin baş verməsi real deyil. Onun bugünkü məzənnəsi isə reallığa daha yaxındır.

 - Dollarla olan kreditlərin ödənişində müştərilərə güzəştlərin edilməsi məsələsi də hələ də gündəmdədir. Vətəndaşlar belə bir istəkdə olsalar da, nə hökumətdən, nə də banklardan bu istiqamətdə hər hansı bir sevindirici addım atılmır. Sizcə,vətəndaşlar güzəşt edilməsi tələbində haqlı deyillərmi? 

- Doğrudan da bu gündəmdə olan ən ciddi məsələdir. Burada tək xarici valyutada kredit götürmüş vətəndaşlar deyil, eyni zamanda banklar özləri də acınacaqlı bir duruma düşüblər. Manatın son kəskin devalvasiyasından sonra yaranmış bu durumla bağlı ciddi addımların atılması zəruridir. İnsanlar bu kreditləri ödəməkdə çox böyük problemlərlə üz-üzə qalıblar. Mərkəzi Bank, Maliyyə Bazarlarına Nəzarət Palatası və hökumətin digər aidiyyatı strukturları bilməlidilər ki, insanları çıxılmaz vəziyyətə gətirib onları hakimiyyətdən narazı salmaq olmaz. Kreditini ödəyə bilməyən insan özünə qəsd edirsə,bu ciddi siqnaldır. Deməli məsələ öz həllini tapmalıdır. Hazırda Maliyyə Bazarlarına Nəzarət Palatası bu məsələnin həlli istiqamətində ciddi araşdırmalar aparmaqla məşğuldur. İnanırıq ki, Palata may ayının əvvəlinə həm bankların və həm də xarici valyutada kredit götürmüş vətəndaşların maraqlarını nəzərə alan optimal bir təklifi ortaya qoya biləcəkdir.

 - Ümumiyyətlə, bu məsələni necə tənzimləmək olar ki, banklar da, əhali də çətinlik çəkməsin?

 - Düşünürəm ki, bu məsələnin həllində həm Mərkəzi Bank, həm müvəkkil banklar və həm də vətəndaşlar iştirak etməlidirlər. Yəni xarici valyutada olan kreditlər üzrə yaranmış məzənnə fərqi yükü bu üç tərəfin arasında bərabər bölüşdürülməlidir. Mərkəzi Bankın bu məsələdə yaxasını kənara çəkməsini isə böyük ədalətsizlik hesab edirəm. Çünkü bu problemi həm banklar və həm də müştərilər üçün Baş bankın düşünülməmiş pul-kredit siyasəti yaradıb. İndi isə o, problemin həllinə dövlətin istiqraz vərəqələrini sərfəli şərtlərlə alıb, daxili borclanmaya getməklə, çox asanlıqla dəstək verə bilər.

 - Fikrət müəllim, bank sektorundakı vəziyyət barədə də fikirlərinizi bilmək istərdik.Bir müddət öncə bir neçə bank birləşdi, bəziləri bağlandı. Amma son günlər bu sahədə durğunluq yaranıb. Bank sektorunda yenidən təlatümlər gözlənirmir ki?

 - Bir neçə bankın birləşməsini və ya bağlanmasını islahat adlandırmaq olmaz. Burada söhbət Azərbaycan bank sisteminin köklü islahatlarından getməlidir. Yalnız belə islahatlar aparmaqla bank sisteminin bütün problemlərini həlli etmək olar. Bu gün bizdəki banklar bank kimi fəaliyyətdən çox uzaqlaşıblar. Onlar bəzən kredit almaq üçün təqdim olunmuş biznes layihələrini heç üzdən də belə araşdırmırlar. Bunun əvəzində isə girov götürmək, zamin tapmaq məsələlərinə maksimum önəm verirlər. Bu, bank fəaliyyəti deyil, sələmçi lombard fəaliyyətidir. Sələmçiliklə məşğul olan banklar iqtisadiyyatın real sektorunun inkişafına heç bir töhfə verə bilməzlər. Bu səbəbdən də hesab edirəm ki, bank islahatları bütün başqa islahatlardan daha sürətlə aparılmalıdır. Bizə güclü banklar lazımdır. Bunun üçün ilk növbədə nizamnamə kapitalına tələbi 10 dəfəyə qədər artırmaqla, xırda və orta bankları sıradan çıxarmaq lazımdır. Azərbaycan böyüklükdə məmləkətə, başlanğıc üçün sahə maraqlarını da əhatə edən, 4-5, çox geniş şəbəkəsi olan bank kifayət edər.

 - Neftin qiymətinin yaxın müddətdə qalxacağı gözlənilmir. Hər halda, verilən proqnozlar bunu deməyə əsas verir. Belə bir şəraitdə Azərbaycan iqtisadiyyatının yaxın dövrdə hansı çətinliklər gözləyir?

 - Çətinliklər var. Lakin real sektorun sürətli inkişafını təmin edə biləcək yeni bir iqtisadi modelin ortaya qoyulması bu çətinliklərin yaxın bir neçə il ərzində aradan qaldırılacağına əsas verir. İndi ən əsas məsələ ilk öncə, Azərbaycanda normal biznes mühütünü formalaşdırmaqdan və bu hesaba iqtisadiyyatın real sektoruna həm daxili və həm də xarici investitsiyaların cəlb olunmasını təmin etməkdən ibarətdir. Son bir neçə ay ərzində bu istiqamətdə kifayət qədər ciddi qərarlar qəbul edilib. Bu haqda əvvəldə də danışdıq. Bu gün Azərbaycan hökuməti qeyri-neft sektorunun sənaye, aqrar, tikinti, nəqliyyat, turizm kimi sahələrinin hər biri üzrə konkret tədbirlər planı ortaya qoyub. Bu plan yerlərdə sənaye zonalarının yaradılması və aqrar sektorda taxıl, pambıq və barama kimi strateji məhsul növlərinin istehsalının bir neçə dəfə artırılması hesabına ölkənin ixrac potensialının əsaslı şəkildə genişləndirilməsini, tranzit yükdaşımaların və ölkəyə turist axınının artırılması hesabına valyuta daxilolmalarının kifayət qədər artırılmasını nəzərdə tutan bir plandır. Məqsəd, yaxın bir neçə ilə ölkə iqtisadiyyatının neftdən asılılığına son qoymaqdır. Bu məqsədə çatmaq yolunda ölkədə aparılan insutotsinal islahatların və struktur islahatlarının rolu kifayət qədər böyük olacaqdır.

 Hüseyn İsgəndərov