Ermənistan prezidenti Serj Sarkisyanın işğal etdikləri Azərbaycan torpaqlarına "işgüzar" səfərə gəlməsi barədə xəbərlər yayıldı. Sarkisyan İrəvandan Xankəndi hava limanına hərbi vertalyotla gəlib. Onu qondarma "Dağlıq Qarabağ Respublikası"nın (DQR) prezidenti Bako Saakyan, Ermənistan və DQR-in müdafiə nazirləri, digər rəsmi şəxslər qarşılayıb. Bundan əvvəl də Sarkisyan Dağlıq Qarabağa səfərlər edib. Cəbhədə baş vermiş döyüşlərdən sonra bu Sarkisyanın Dağlıq Qarabağa ilk səfəridir. Döyüşlərdən sonra Sarkisyanın Dağlıq Qarabağa səfəri hansı məqsəd daşıyır? Bu səfərin pərdəarxası nədən ibarətdir? Məsələ ilə bağlı Unikal.org ekspertlərin fikirlərini öyrənib.
 
Millət vəkili Aydın Mirzəzadə Unikal.org-a açıqlamasında bildirib ki, Sarkisyanın bu səfəri Ermənistan cəmiyyətinə mesaj xarakteri daşıyır:  
 
"Sarkisyanın Dağlıq Qarabağa səfəri heç nəyi dəyişmir. Azərbaycanın apardığı siyasət Ermənistanın işğalçılıq siyasətini darmadağın etdi. Artıq bütün dünya üçün hər şey gün kimi aydındır. Hazırda Ermənistan özünün apardığı siyasətin acı nəticələrini dadır. Sarkisyan əvvələr də  Dağlıq Qarabağa səfərlər edirdi. Bütün səfərlərdə özünü ordunun komandanı kimi qələmə verməyə çalışırdı. Amma indi məlum olur ki, o siyasətdə və döyüş meydanında uduzmuş ordunun komandanıdır. Bu səfər də Ermənistan cəmiyyətinə Sarkisyanın nəyəsə nəzarət etdiyini, hansısa bir gücə malik olduğunu göstərməkdən ötrüdür. Ermənistan cəmiyyəti  ona inanmır. Ermənilərin sosial şəbəkədəki yazılarından və rəylərindən görünür ki, Ermənistan artıq Azərbaycana məxsus olan torpaqlarda öz oğlanlarının ölməsini istəmir. Bu baxımdan Sarkisyanın bu səfərini Azərbaycan əsgəri tərəfindən dağıdılmış Ermənistan mövqelərinə ürək ağrısı ilə baxmaq səfəri də adlandırmaq olar". 

Məsələyə münasibət bildirən politoloq Qabil Hüseyinlinin sözlərinə görə, Sarkisyanın səfəri və Qarbağın bu cür silahlandırılması yaxın günlərdə ermənilərin yenə aranı qarışdıra biləcəklərindən xəbər verir:
 
"Ermənistan prezidenti Serj Sarkisyanın səfəri Dağlıq Qarabağdakı hərbi mövqeləri, hərbi təcrübənin səviyyəsini, əvvəlcədən planlaşdırdıqları hərbi planlara uyğun Qarabağda yerləşdirdikləri hərbi qoşunların nə dərəcədə hazır olduqlarını nəzərdən keçirməkdir.Rusiya özünü sülhsevər dövlət kimi göstərməyə çalışır. Ancaq son günlər Kreml özü də Ermənistanı silahlandırır. Ermənistana çoxlu sayda tanklar, hərbi təyyarələr göndərir. 
Azərbaycan prezidentinin Amerikaya rəsmi səfəri zamanı erməniləri Azərbaycanın üzərinə kısqırtdılar. Sarkisyanın səfəri və Qarbağın bu cür silahlandırılması ondan xəbər verir ki, yaxın günlərdə ermənilər yenə aranı qarışdıra bilərlər". 

Həsən Babayev