Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində 2-5 aprel 2016-cı il tarixində Azərbaycan Silahlı Qüvvələrinin zəfərlərindən sonra Ermənistan öz ordusunda olan böyük çatışmazlıqları istənilən yolla yamamağa cəhd göstərir.

Unikal.org Milli.Az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə deyib.

Millət vəkili qeyd edib ki, bunlardan biri də guya cavan qızlardan olan könüllülərin hərbi hazırlıq keçərək cəbhə xəttinə göndərilməsi xəbəridir:

"Ermənistan ordusunda əsgər çatışmazlığı əvvəldən də məlum idi. 9,7 milyon nəfərlik Azərbaycana qarşı 3 milyon nəfərlik Ermənistanın zəif canlı qüvvəsi açıq-aydın görünürdü. Son hadisələrdə isə erməni əsgərinin Sarkisyanın hakimiyyətini müdafiə etmək üçün öz canından keçmək istəmədiyi məlum oldu. Artıq açıq şəkildə Ermənisan vətəndaşları öz övladlarını işğal edilmiş ərazilərə hərbi xidmət çəkməyə göndərməkdən imtina edirlər. Bu situasiyada isə erməni təbliğat maşını guya erməni qızlarının cəbhəyə getmək istəməsi barədə kampaniyaya başlayıb. Yerevanın gözəllik salonlarından və teatr səhnələrindən yığılmış erməni qızları videokameralar qarşısında Sarkisyana lazım olan bəzəkli patriotik sözlər deyirlər. Bununla Ermənistanda əsgərlikdən boyun qaçıran gənclərə təsir etmək və Azərbaycana yönəlik bir siyasət işlətmək istəyirlər".

Millət vəkilini daha çox narahat edən məsələ isə Azərbaycanda da bəzilərinin bu təbliğat maşının bir hissəsinə çevrilməsidir:

"Azərbaycanda bəzi insanlar tələsik "cəbhədə azərbaycanlı oğlanların o qızları gözlədikləri", "azərbaycanlı oğlanların erməni qızlarına xüsusi marağı var" kimi yarızarafat-yarıciddi cəfəng və təhlükəli fikilər yaymağa başladılar. Bununla da "erməni təbliğat virusunu" cəmiyyətimizə yaymağa başlayırlar. Bu fikri səsləndirənlər ilk növbədə Azərbaycan qadınına öz hörmətsizliyini göstərmiş və azərbaycanlı kişisinin adını ləkələmiş olurlar. Bu yerində olmayan zarafatlar erməni xisləti ilə tanış olmayan cavan oğlanlarda zərərli bir maraq yaratmış olur. Qarşı tərəfimizdə kimin durmasından asılı olmayaraq, o, düşmənimizdir və Xocalının məsuliyyəti silahını Azərbaycana tərəf tuşlayan istənilən şəxsin də üzərinə düşür".