"Cəbhədəki son hadisələrdən sonra erməni tərəfinin fəallaşması ancaq təbliğat xarakteri daşıyır və həmişə olduğu kimi standart pafoslu xəbərlər sırasında yenə də "könüllülər", "diaspor", "varlı ermənilər" və digərlərinin adları hallanır".
 
Unikal.org xəbər verir ki, bu barədə APA-ya Müdafiə Nazirliyindən mətbuat xidmətindən erməni separatçılarına müasir silah alınması məqsədilə 6,5 milyon dollar məbləğində pul vəsaitinin toplanılması barədə məlumatı şərh edərkən bildiriblər.
 
MN-də deyiblər ki, Qarabağ separatçıları üçün müasir silah alınması məqsədilə 6,5  milyon dollar məbləğində maddi vəsaitin toplanılması barədə məlumatın yayılması da sabun köpüyü effektindən başqa heç nəyə yaramır. 
 
"Hamıya bəllidir ki, dünyanın müxtəlif ölkələrində məskunlaşan ermənilərin təşkil etdikləri marafonlar, xeyriyyə və digər tədbirlərdə topladıqları məbləğ nəinki yeni silahların alınmasına, heç səngərlərə zorla doldurulmuş könüllülərə bir qarın yemək verməyə və güllə almağa belə çatmaz.
 
Ermənilərin əksinə olaraq, Azərbaycanın iqtisadi potensialı Silahlı Qüvvələrimizi müasir dövrün tələblərinə uyğun təchiz etməyə, dünyada mövcud olan yeniliklərin, silah və texnikanın tətbiqinə imkan verir.
 
Son hadisələrdən sonra dövlət başçısı, Ali Baş Komandanımız ilk gündən etibarən Silahlı Qüvvələrə göstərilən diqqət və qayğının gündən-günə daha da yüksələn templə davam etdiriləcəyini bəyan edib. Onun tapşırığına əsasən, şəhidlərə, onların ailə üzvlərinə və yaralılara tələb olunan maddi, sosial yardımların, mənəvi dəstəyin göstərilməsi işi yerinə yetirilir. Bundan əlavə, bu günlərdə Ali Baş Komandanın xüsusi tapşırığına əsasən silah-sursatın, döyüş texnikasının yenilənməsi və əlavə döyüş ehtiyatlarının yaradılması,  müasir silah və texnikanın alınması üçün külli miqdarda maliyyə vəsaiti ayrılacaq.
 
Görülən bu tədbirlər Silahlı Qüvvələrimizin döyüş qabiliyyətinin, şəxsi heyətin mənəvi-psixoloji durumunun daha da yüksəlməsinə əlavə imkan verən əlavə stimul olacaq", - deyə məlumatda bildirilir.