Millət vəkili Zahid Oruc Baş prokuror Zakir Qaralova müraciət edib.

Unikal.org AzNews.az-a istinadən xəbər verir ki, deputatın müraciətinə səbəb bir müddət əvvəl saytımızda "Şəhidə ayrılan pullar "yeyildi" - Vəzifəli şəxslərin 11 minlik dələduzluğu" başlıqlı yazıda bəhs edilən şəhid ailəsinə verilən təqaüdün mənimsənilməsidir. 

Z.Oruc müraciətində qeyd edib ki, Bərda rayon Mustafaağalı kənd sakini, şəhid anası Əsli Muradova Milli Məclisə məktub ünvanlayaraq 2008-ci ildən bəri onlara kəsilən təqaüd mənimsənilib: "Ana Əsli Muradova oğlu Mübariz Muradovun Murovdağda ön mövqedə şəhid oldugunu və şəhid anası kimi 2007-ci ildən hər ay 100 manat aldığını bildirir. Lakin Bərdə rayon ƏSMM tərəfindən 2008-ci ildən bu təqaüd kəsilib və hərbi komissarlıqdan şəhidliyin təsdiqi baradə sənəd tələb olunub. Hərbi komissarlıq şəhid statusunu təsdiq etmək üçün məhkəməyə müraciət etməyi tövsiyyə edib". 

Z.Oruc qeyd edib ki, 2008-ci ildən dayandırılan təqaüd (11.350 manat) 7 ildir ki, naməlum şəxslər tərəfindən alınıb: "Bərdə RPŞ-nın müstəntiqi A.Mehdiyev tərəfindən aparılan təhqiqat işi "cinayət əməli kimi qiymətləndirilməyərək" rədd edilib. Şəhid anasına çatmalı olan vəsaitin kim tərəfindən mənimsənildiyi aşkarlanmayıb. Bərdə Rayon Prokurorluğu tərəfindən iş yenidən polis təhqiqatına göndərilsə də indiyə qədər buna heç bir aydınlıq gətirilməyib".

Deputat Zakir Qaralovdan şəhid anası, tək başına 9 övlad böyüdən və onların birini vətənə qurban vermiş Ə.Muradovanın ərizəsinin aidiyyəti üzrə araşdırılmasını xahiş edib.

Qeyd edək ki, Bərdə rayon, Mustafaağalı kənd sakini Əsli Muradovanın oğlu Mübariz Muradov 1995-ci ilin iyulunda hərbi xidmətə çağrılıb və həmin ilin dekabr ayında ölüb. Ana bildirib ki, hərbi hissənin verdiyi arayışda da oğlunun Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olduğu göstərilib. Ona Bərdə Rayon İcra Hakimiyyətindən şəhid statusunu təsdiq edən şəhid ailəsinin vəsiqəsi təqdim olunsa da 2008-ci ildə ailə "şəhid" statusundan məhrum edilib. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə Bərdə rayonu Mustafaağalı kənd sakini Mübariz Muradovun şəhid olmadığını, xəstəlikdən öldüyü bildirib. Nazirlik qeyd edib ki, Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsi tərəfindən verilən arayışda M.Muradovun Murovdağ ərazisində məhz xəstəlik nəticəsində vəfat etdiyi yazılıb.