Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva aprelin 20-də Bakının Xəzər rayonunun Binə qəsəbəsindəki Əli İsazadə küçəsinin yenidənqurma və əsaslı təmir işlərindən sonrakı vəziyyəti ilə tanış olublar.

Unikal.org xəbər verir ki, Binə qəsəbəsinin mərkəzindən keçən bu küçə əvvəllər əhalinin və nəqliyyatın gediş-gəlişi üçün olduqca yararsız vəziyyətdə idi. Ensiz küçədə vaxtaşırı tıxaclar yaranır və nəqliyyatın hərəkətində ciddi çətinliklər olurdu.

Azərbaycan Prezidentinin tapşırığı ilə Bakı və Bakıətrafı qəsəbələrin ayrı-ayrı yaşayış massivlərində abadlıq və quruculuq işlərinin davamlı olaraq həyata keçirilməsi nəticəsində qəsəbədaxili yollar genişləndirilir, yeni yaşıllıq zolaqları salınır, mövcud parklar abadlaşdırılır. Binə qəsəbəsində iki kilometrdən çox uzunluğu, əvvəllər beş metrə qədər eni olan küçədə əsaslı təmir və yenidənqurma işləri də Dövlət başçısının göstərişlərinə uyğun olaraq həyata keçirilib.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı Prezident İlham Əliyevə məlumat verib.

Bildirilib ki, görülən işlər nəticəsində küçənin eni 21 metrə qədər genişləndirilib, ara səkilər salınıb, müasir işıqlandırma sistemi quraşdırılıb. Küçənin genişləndirilməsi layihəsi çərçivəsində çoxlu sayda yaşayış və qeyri-yaşayış obyektləri başqa ərazilərə köçürülüb. Küçəyə ümumilikdə 40 min kvadratmetrə qədər asfalt örtüyü çəkilib. 

Ərazidə yol infrastrukturu ilə bağlı bütün kommunikasiya qurğuları yenidən qurulub, yeniləri yaradılıb və yağış sularının ötürülməsi üçün təzə xətlər çəkilib. Burada Almaniya istehsalı olan müasir kommunikasiya avadanlıqları quraşdırılıb, abadlaşdırma işlərində keyfiyyətli tikinti materiallarından istifadə olunub.