Dünyanın əksər ölkələrində uşaqlar üçün müxtəlif yaş kateqoriyalarına uyğun cizgi, bədii və televiziya filmləri göstərən kanallar fəaliyyət göstərir. Uşaqların yeni məlumatların öyrənilməsi və zərərli məlumatlardan uzaq tutulması üçün belə telekanallar vacibdir. Azərbaycanda uşaq televiziyasının yaradılması ilə bağlı məsələ zaman-zaman qaldırılıb. Lakin Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli bunun mümkünsüzlüyünü bir sıra səbəblərlə izah edib.
Ancaq belə görünür ki, məsələ tezliklə öz həllini tapa bilər. Çünki bununla bağlı artıq yeni qanun layihəsi hazırlanır. Bu barədə Modern.az-a Milli Məclisin Ailə, qadın və uşaq komitəsinin sədri Aqiyyə Naxçıvanlı məlumat verib. O qeyd edib ki, uşaqların sağlamlığına ziyan vuran, informasiyalardan qorunması haqqında yeni qanun layihəsi üzərində iş gedir.
"Qanun layihəsində uşaqlar üçün televiziyanın yaradılması məqamları öz yerini tapacaq. Artıq sənəd eskpertlərin müzakirəsinə təqdim olunub. Burada həmçinin başqa ölkələrin qanunvericilyindəki müsbət mqəamlar öz əksini tapıb. Dünyada mövcud olan 5+, 7+, 13+ və uşaqların yaş xüsusiyyətləri qanun layihəsində nəzərdə tutulub", deyə komitə sədri vurğulayıb.