Bu gün yazıçı Əkrəm Əylisli istintaqa çağırılıb.
Unikal.org Trend-ə istinadən bildirir ki, bu barədə Ə.Əylislinin vəkili Elçin Sadıqov məlumat yayıb.
Vəkil bildirib ki, o yazıçı ilə birlikdə Daxili İşlər Nazirliyinin Hava Nəqliyyatında Polis İdarəsinin istintaq şöbəsində olub: "Əkrəm Əylisliyə qarşı CM-nin 221.1-ci maddəsilə qaldırılmış cinayət işi CM-nin 315.1-ci (Hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə) maddəsinə tövsif edildi. Həmin maddədə 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. CM-nin 315.1-ci maddəsilə istintaq aidiyyəti prokurorluq olduğundan cinayət işi istintaq davam etdirilməsi üçün Bakı Şəhər Prokurorluğuna göndərildi".
Qeyd edək ki, Ə.Əylisli barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb. Yazıçı 30 mart 2016-cı il tarixində Heydər Əliyev Beynəlxalq Hava Limanında Dövlət Sərhəd Xidmətinin əməkdaşı Nihal Seyidovun döş qəfəsinin sağ yarı hissəsinin yuxarı üçdə birinə zərbə vurmaqda təqsirləndirilib.
Nəqliyyatda Baş Polis İdarəsinin Hava Nəqliyyatında Polis İdarəsi yazıçının başqa yerə getməməsi barədə iltizam qəti imkan tədbiri seçib və hazırda istintaq aparılır.