Ukrayna Prezidenti Pyotr Poroşenko 2014-cü il yanvarın 1-dən sonra çəkilmiş Rusiya filmlərinin yayımlanmasına qadağa qoyan qanunu imzalayıb.
Unikal.org Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, müvafiq göstəriş Ali Radanın saytında dərc olunub. Qadağa nəinki bədii filmlərə və seriallara, həmçinin televiziya proqramlarına və verilişlərinə də aiddir. Kiyev hökumətinin fikrincə, bu addım "Ukraynanın informasiya sahəsində milli təhlükəsizlik səviyyəsinin yüksəlməsinə" xidmət edəcək.

Son iki il ərzində Ukrayna hökuməti "informasiya təcavüzünə" qarşı mübarizə adı ilə Rusiyanın 430 film və serialını qara siyahıya salıb. Həmçinin ölkədə "milli təhlükəsizliyə təhdid" yaradan 80-dən çox rusiyalı mədəniyyət xadiminin siyahısı tərtib olunub, onların iştirakı ilə çəkilən filmlərin yayımı qadağan edilib.

Ukraynada bununla yanaşı, mədəniyyət xadimlərinin ağ siyahısı da mövcuddur. Bu siyahıya hazırkı Kiyev hökumətinə dəstəyini ifadə edən Andrey Makareviç, Liya Axedjakova, Mixail Jvanetski, Arnold Şvartsnegger, Corc Kluni və başqaları daxildir.