Xəbər verdiyimiz kimi, həbsdə olan REAL hərəkatının sədri İlqar Məmmədovun məhkəmə günü bəlli olub. Aprelin 22-də saat 14:30-da Şəki Apellyasiya Məhkəməsində hərəkat sədrinin məhkəmə prosesi olacaq. Onunla eyni maddə üzrə həbs olunan və ötən ay verilən əfvlə azadlığa çıxan Müsavat başqanının müavini Tofiq Yaqublu da məhkəmədə iştirak edəcək. Belə ki, başqan müavini məhkəməyə çağırılıb. Bu barədə ona aprelin 20-də xəbər verilib. Azadlıqda olan bir şəxsin nədən məhkəməyə təqsirləndirilən şəxs qismində cəlb olunması müəmmalıdır.
Artıq REAL sədri məhkəmədə iştirakdan imtina etməsinə baxmayaraq, Şəkiyə aparılıb. Onun əşyaları da özü ilə bərabər götürülüb. Bu, onun azadlığa çıxacağına olan ümidləri artırıb.
Qeyd edək ki, bu ayın əvvələrindən başlayaraq, İ.Məmmədovun aprelin sonlarında məhkəməsinin olacağı və onun azadlığa buraxılacağı barədə mətbuatda xəbərlər dolaşırdı. Hətta Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev də bu barədə açıqlama verərək, REAL sədrinin azadlığa çıxacağının anonsunu vermişdi.
Unikal.org "Qafqazinfo"ya istinadən xəbər verir ki, sabah keçiriləcək məhkəmə prosesi ilə bağlı musavat.com-a danışan REAL sədrinin həyat yoldaşı Vəfa Məmmədova yayılan xəbərləri təsdiqləyib:
"Doğrudur, İlqar artıq Şəkiyə aparılıb. Əşyaları da özü ilə götürülüb. Açığı inanmırdıq, amma göründüyü kimi, məhkəmə prosesi təyin olundu. Tələsik məhkəmə prosesinin təyin olunduğunu demək düzgün deyil. Çünki çoxdan gözlənilirdi. Nə gözlədiyimizi bilmirik. Prosesdə nələrin olacağını deyə bilmərəm. Xəbərlərdə qeyd olunurdu ki, aprelin sonlarında İlqar Məmmədov azadlığa buraxılacaq. Xəbərlərin nə dərəcədə doğru olduğunu məhkəmədə görəcəyik. Sadəcə, səbirli olmaq lazımdır. Özü ilə aprelin 20-də danışmışıq. Məhkəmənin keçiriləcəyindən xəbərsiz idi. Ona ilk xəbəri mən verdim. Şəkiyə aparılacağı barədə də xəbərsiz idi. Yəqin ki, bizimlə danışdıqdan sonra Şəkiyə aparılıb".
İ.Məmmədovun vəkili Fuad Ağayev isə bunları deyib:
"Məhkəməyə çox vaxt qalmayıb. Aprelin 22-də məhkəmə baxışı olacaq. Onun Şəkiyə aparılması, əşyalarının özü ilə götürülməsi doğrudur".
Xatırladaq ki, İ.Məmmədovla T.Yaqublu 2013-cü ilin yanvarında İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunublar. İlqar Məmmədov 7, Tofiq Yaqublu isə 5 il müddətinə azadlıqdan məhrum edilib.