Neftin qiymətinin düşməsi iqtisadi deyil, siyasi amillərlə bağlıdır. Bu proses müəyyən mərkəzlərdən idarə olunur.
Unikal.org xəbər verir ki, bunu APA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov deyib.

O, dövlət başçısının iqtisadi islahatlara start verdiyini xatırladaraq, bunun ümidverici olduğunu vurğulayıb. V. Əhmədovun sözlərinə görə, Azərbaycanın milli valyutası - manat bazar qiymətini almalıdır: "Hazırda aparılan iqtisadi islahatlar, xüsusilə də kənd təsərrüfatı istiqamətindəki tədbirlər bizə müəyyən qədər ümid verir deyək ki, bu problemlər aradan 2017-ci ildə qalxa bilər. Bizim üçün ən çətin il 2016-cı ildir. Mən hesab edirəm ki, manatın taleyi neftin qiymətindən asılıdır. Neftin qiymətində artım olacaqsa, ciddi problem olmayacaq. Neftin qiyməti 30-40 dollar olacaqsa, manatın taleyində də müəyyən problemlər yarana bilər. Manatı saxlamaq çox çətindir. Düzdür, Mərkəzi Bank və ya Dövlət Neft Fondu valyuta bazarına müəyyən qədər müdaxilə edir. Digər tərəfdən manatın məzənnəsinin qorunub saxlanması da vacibdir. Çünki əhalinin alıcılıq qabiliyyətində problem yaranır".

V.Əhmədov Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-OPEC neft hasil edən ölkələrin təmsilçilərinin aprelin 17-də Qətərin paytaxtı Dohada keçirilən görüşünün nəticələrinə də münasibət bildirib. O, görüşün nəticələrinin əvvəldən bəlli olduğunu qeyd edib: "Doha görüşündən bütün dünya çox şey gözləyirdi. Amma alınmadı. Elə əvvəldən də bilinirdi ki, alınmayacaq. Çünki İran və Səudiyyə Ərəbistanı neft ixracının dondurulmasını istəmir".