Bu gün Mətbuat Şurasının (MŞ) Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib.
MŞ-dan unikal.org-a verilən məlumata görə, iclasda komissiya üzvləri 5 kütləvi informasiya vasitəsi ilə bağlı məsələləri araşdırıb.
İlk olaraq "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin bir qrup əməkdaşının "Polemik.az" saytı barədə müraciətinə baxılıb. Komissiya saytdan şikayət doğuran yazıları araşdıraraq rəyə gəlib ki, MŞ-nın bu KİV barədə müvafiq ölçü götürməsi üçün ciddi əsaslar var: "Belə ki, saytın baş redaktoru Firuz Kazımoğlu "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq vəzifə səlahiyyətlərindən sui-istifadə edib. O, həmin materiallarda vaxtı ilə çalışdığı bu qurumun rəhbərliyi və ayrı-ayrı əməkdaşları barədə şərəf və ləyaqətin təhqirinə, işgüzar nüfuzun aşağılanmasına yönələn qərəzli fikirlər, ifadələr işlətməklə özünü maraqlı tərəf kimi göstərib. Nəticədə "Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları"nın bir sıra prinsip və bəndlərinin tələblərinə sayğısız yanaşılıb".
 
Komissiya bütün bunları nəzərə alaraq "Polemik.az" saytına xəbərdarlıq edib. KİV-ə qarşı tərəfdən üzr istənilməsi, təkzib verilməsi, şikayət doğuran yazıların saytdan çıxarılması tövsiyə olunub. Baş redaktor Mətbuat Şurasının qərarının icrasına hazır olduğunu bildirib.
 
İclasda Beyləqan Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin "Nüanslar" qəzeti barədə şikayəti əsasında da rəy çıxarılıb. Mətbu orqanın rəhbərliyi bildirib ki, bu idarə barədə gedən yazıda balansın gözlənilməməsi bir sıra etik prinsiplərin pozulması ilə nəticələnib. Qəzet növbəti sayında bunları aradan qaldırmağa hazırdır. Komissiya belə mövqeni məsələnin həlli üçün yetərli sayıb.
 
Gəncə Musiqi Kollecinin "Patriot.az" saytı barədə müraciətinə cavabdeh tərəfin iştirakı olmadan baxılıb. KİV rəhbərliyi naməlum səbəbdən iclasa qatılmayıb. Komissiya narazılığa səbəb yazının "reket jurnalistika"ya xas tərzdə təqdim olunduğunu müəyyənləşdirib. Bu, eləcə də digər məqamlar əsas götürülərək məsələnin MŞ-nin "Reket jurnalistika"ya qarşı mübarizə Komissiyasında da araşdırılması zəruri hesab edilib. Sayt barədə yekun qərar bu komissiyanın təqdimatının müzakirəsindən sonra qəbul olunacaq.
 
"Azəri –Türk" Qadınlar Birliyinin "İdealpress.az" və "Expromt.az" saytları haqqında müraciəti müzakirə olunarkən komissiya üzvləri qənaətə gəliblər ki, məsələnin mahiyyətində inzibati orqanların araşdırmalı olduğu cəhətlər üstünlük təşkil edir. Buna görə də həmin materialların baxılmaq üçün müvafiq orqanlara göndərilməsi məqbul sayılıb.