Sivilizasiyalararası Qlobal Forumda iştirak etmək üçün Bakıya gələcək Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı böyük nümayəndə heyəti müşayiət edəcək.
 
Unikal.org xəbər verir ki, bunu APA-ya açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun deyib. O bildirib ki, nümayəndə heyətində baş nazirin müavini, xarici işlər, iqtisadiyyat, energetika və mədəniyyət nazirləri təmsil olunacaq: "Əsas məqsəd tədbirdə iştirak etməkdir. Amma dövlət başçıları hər zaman bu cür çoxtərəfli forumlarda görüşüb, gündəmdəki məsələləri dəyərləndirirlər. Prezident Ərdoğan aprelin 25-də Bakıda Azərbaycan prezidenti İlham Əliyev tərəfindən qəbul ediləcək. Eyni zamanda, nazirlər də həmkarları ilə görüşmək üçün bu fürsətdən istifadə edəcəklər. Budəfəki səfər nəticəsində Azərbaycan və Türkiyə prezidentlərinin bu ilin aprel ayına kimi qarşılıqlı ziyarətlərinin sayı 3-ə çatacaq. Bundan əlavə, prezidentlər ABŞ-da keçirilən sammitdə də görüşüblər".
 
İ. A. Coşkun qeyd edib ki, səfər aprelin 26-da başa çatacaq.