Daşınmaz əmlak bazarı hazırda "asılmış" vəziyyətdədir. Bu gün bazarda hər hansı istiqamətdə qiymət dəyişikliyi gözə dəymir".
Unikal.org xəbər verir ki, bu sözləri oublika.az-a daşınmaz əmlak bazarı üzrə ekspert Rəşad Əliyev deyib. O bildirib ki, 2015-ci ilin sonlarından bu yana bazara iki əsas amil təsir edib: "Birinci əsas amil sözsüz ki, devalvasiyadır. Bunun nəticəsində dollarla olan qiymətlər əhəmiyyətli dərəcədə düşdü. İkinci amil isə yanvar-fevral aylarında bank sektorunda böhranın dərinləşməsidir. Nəticədə bank depozitlərindəki vəsaitlərin bir hissəsi daşınmaz əmlak bazarına yönəldi. Bu isə fevral ayında bazarda aktivlik yaratdı. Sözsüz ki, aktivlik ancaq ucuz mənzillər seqmentində baş verdi. Mart və aprel aylarında aktivlik fevrala nisbətdə aşağıdır".
Ekspert deyir ki, dövlət ipoteka kreditləşməsi proqramının davam etdirilməsi baxımından 2016-cı il çox passiv il kimi başlayıb: "Kreditləşmə demək olar ki, yox səviyyəsindədir. Yanvar-fevral aylarında cəmi 800 min manat kredit verilib. Ancaq İpoteka Fondunun bazardakı passivliyinin bazara ümumiyyətlə təsiri olmayıb. Çünki bank sektorundan yanvar-fevral-mart aylarında daşınmaz əmlak bazarına gələn pulun həcmi İpoteka Fondunun illik kreditləşmə məbləğindən bir neçə dəfə çox olub".
R.Əliyevin sözlərinə görə, hazırda diqqət mərkəzində olan bir neçə amil var ki, bunlar gələcəkdə bazara psixoloji təsir də bilər: "Onların bəziləri qiymətlərə müsbət, digərləri isə mənfi təsir edə bilər. Məsələn, neftin qiymətinin gələcək artımı (BRENT markalı neftin qiyməti artıq 45-46 dollar səviyyəsinə çatıb) bazara müsbət psixoloji təsir göstərə bilər. Sosial evlərin tikintisi və söküntü işlərinin anonsu (sökülən binaların yerində daha çox mənzilli binalar tikiləcək) isə psixoloji cəhətdən mənfi təsir edir. Çünki, bu bazara əlavə mənzillərin daxil olmasını nəzərdə tutur. Sözsüz ki, psixoloji təsirin əsasları puç olduqda onların təsiri də ötəri olur. Əlavə olaraq bazarda tikinti şirkətlərinin fəaliyyəti də nəzərə çarpacaq dərəcədə yüksəkdir. Hələ heç vaxt tikinti şirkətləri bu qədər PR və reklam kompaniyaları keçirməyiblər".