"Kapitan Xəyyam" gəmisinin məxsus olduğu şirkətin nümayəndəsi Liviyada həbs olunan heyət üzvüləri ilə bağlı açıqlama verib.

Unikal.org AzNews.az-a istinadən xəbər verir ki, "Saygi Denizcilik ve Elektrik" şirkətinin nümayəndəsi Murad Karaər ans press-ə açıqlamasında bildirib ki, gəmi saxlanılan zaman orada 3 Azərbaycan, 5 Ukrayna, 1 Türkiyə vətəndaşı olub.

"Gəminin kapitanı Azərbaycan vətəndaşı Elinxan Bağırovdur. Əliağa Babayev və Elşad Hüseynov da Azərbaycan vətəndaşıdır. Onlar Liviyada həbsxanada saxlanılırlar. Gəmi heyətinin bütün üzvlərinin səhhəti yaxşıdır", - deyə şirkət nümayəndəsi bildirdi.

Onun sözlərinə görə, gəminin həbs edilməsi ilə bağlı artıq bir məhkəmə prosesi baş tutub.

"Hakim bizdən gəmidəki yüklər barədə sənədlər istədi. Biz həmin sənədlərin hakimə təqdim etdik. Hakim bizim şirkətin cərimələnməsi barədə qərar qəbul etdi. Həmin məbləği ödədik. Şirkətin vəkili ikinci məhkəmənin vaxtını müəyyənləşdirməyə çalışır. Vəkilin sözlərinə görə, dənizçilər 99% azadlığa çıxacaqlar. Çünki onların bir günahı yoxdur", - deyə Murad Karaər bildirdi.


Murad Karaər bildirdi ki, 10 gün əvvələ qədər Liviyada mərkəzi hökümət yox idi. Ona görə də biz heç bir rəsmi orqanla əlaqə saxlaya bilmirdik. Amma indi Birləşmiş Millətlər Təşkilatının (BMT) nəzarətində yeni hökümət qurulub. Əvvəl heyət üzvüləri silahlı qrupun nəzarətində idilər. Bu səbəbdən problem bu qədər gecikdi.

Şirkət rəsmisi gəminin necə həbs olunması barədə də məlumat verdi. Onun sözlərinə görə, gəmi Liviyadan Malta istiqamətində olarkən saxlanılıb. Heyət üzvüləri bizim gəmidən digərinə yük boşaldarkən bir qrup silahlı şəxsin olduğu 5 gəmi tərəfindən mühasirəyə alınıb.

"Yük gəmisi beynəlxalq sularda saxlanılıb. Silahlı şəxslər gəmidə qaçaq mazutun olduğunu düşünüblər. Amma "Kapitan Xəyyam" gəmisində qeyri – qanuni yük olmayıb. Sadəcə sənədlərlə təsdiqlənən 1.6 milyon ton mazut olub", - deyə şirkət rəsmisi bildirdi.

"Xəyyam Kapitan" tankeri martın 5-də həbs edilib. Türkiyənin "Saygi Denizcilik ve Elektrik" şirkətinə məxsus tanker Sierra-Leone bayrağı altında üzüb. Həmin vaxt gəmində 1.7 ton qaçaq yanacaq olduğu bildirilirdi.

Gəmi Liviya - Malta - Türkiyə istiqamətində hərəkət edib. Yük gəmisi həbs olunan zaman Türkiyə, Azərbaycan və Ukrayna vətəndaşlarından ibarət 12 heyət üzvünün olduğu barədə məlumat yayılmışdı.

Liviya hakimiyyəti tankerdə olan yeganə qadın işçini azad edib. Ukrayna Xarici İşlər Nazirliyinin səyi ilə qadın vətəninə qayıdıb. Ukrayna Xarici İşlər Nazirliyi tankerdə olan digər vətandaşları ilə bağlı iş aparır.