Aprelin 2-dən 5-nə qədər cəbhə zonasında erməni təxribatına cavab olaraq Azərbaycan Silahlı Qüvvələrinin qısa müddətdə böyük uğurlar qazanması göstərdi ki, ölkəmiz güclü Ordu yaradıb və o, artıq işğal olunmuş ərazilərimizi qısa müddət ərzində azad etmək iqtidarındadır. Bu hadisələrdən sonra xalqın Ordumuza olan inamı daha da artdı və bu, xalqın, ələlxüsus gənclərin hərbi vətənpərvərlik hissinin daha da yüksəlməsini təmin etdi.
Unikal.org xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında Milli Məclisin Əmək və Sosial Siyasət komitəsinin sədr müavini Rauf Əliyev bildirib.
Onun sözlərinə görə, qısa müddətli bu müharibə göstərdi ki, Azərbaycan xalqı istənilən vaxt səfərbər olub, düşmənə, antiazərbaycan qüvvələrə lazımi cavab verməyə hazırdır: "Qısa müddətdə bütün Azərbaycan gəncliyinin, Azərbaycan xalqının ayağa qalxması, verilmiş itkilərin ləyaqətlə, dəyanətlə qarşılanması göstərdi ki, Azərbaycan xalqı, ilk növbədə də gənclərimiz Vətəni qorumağa həmişə hazırdır".
Millət vəkili qeyd edib ki, Gənclər Forumunun 20 illiyi ilə əlaqədar gənclərin bir qrupu ilə görüşən prezident İlham Əliyev də demişdi ki, bizim əsas vəzifəmiz ərazi bütövlüyümüzün bərpasıdır, tarixi torpaqlarımızı qaytarmaqdır: "Dövlət başçısı gənclərə milli dəyərlərimizi hər şeydən üstün tutmağı, vətənpərvərlik və mənəvi məsələlərdə hər zaman prinsipial olmağı tövsiyyə etmiş, gənclərin bundan sonra da ölkəmizin inkişafına xidmət edəcəklərinə əminliyini bildirmişdi. Ordumuzun əldə etdiyi qələbə və bu zaman əsgər və zabitlərimizin göstərdiyi misilsiz qəhrəmanlıq nümunələri göstərdi ki, Azərbaycan gəncliyi cənab prezidentin tövsiyələrini yerinə yetirməyə həmişə hazırdır".
Seçildiyi Xəzər rayonunda gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi sahəsində müvafiq qurum və təşkilatlar tərəfindən çoxsaylı tədbirlərin həyata keçirildiyini deyən deputat əlavə edib ki, müxtəlif təhsil ocaqlarında da gənclərin, yeniyetmələrin vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik, dünyəvilik prinsipləri əsasında Azərbaycan xalqının tarixinə, mədəni irsinə, adət-ənənələrinə dövlət dilinə və rəmzlərinə, milli-mənəvi və ümumibəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması istiqamətində mütəmadi olaraq "dəyirmi masa"lar, seminarlar, görüşlər, müsaqibələr təşkil edilir.
Hal-hazırda Xəzər rayonundan 400 gəncin Vətən qarşısında öz borclarını şərəflə yerinə yetirdiyini deyən R.Əliyev qeyd edib ki, ordu sıralarına yollananlar arasında Vətən uğrunda şəhid olanlar da olub: "Bu il aprelin 4-də cəbhənin Tərtər rayonu istiqamətində erməni silahlı birləşmələrinin hücumunun qarşısını alarkən gedən ağır döyüşlərdə Xəzər rayonu Mərdəkan qəsəbəsində boya-başa çatan Şirəliyev Kamran Faiq oğlu qəhrəmancasına şəhid olub. Ayın altısı günü səhər saatlarında minlərlə insan şəhidin Mərdəkan qəsəbəsində yaşadığı evinə axışmışdı. Bu insan seli Vətən oğlunu son mənzilə yola salmağa gəlmişdi. 5000-dən çox adamın iştirak etdiyi böyük izdiham 2 km-dən artıq yolu piyada qət edərək şəhid cənazəsini başları üstündə apararaq "Şəhidlər ölməz, Vətən bölünməz" şüarını səsləndirdi. Şəhidimizn vida mərasimi göstərdi ki, Azərbaycan xalqının, o cümlədən gənclərin vətənpərvərlik hissləri ən yüksək səviyyəyə çatıb. Gənclik indi Vətənin hər qarış torpağı uğrunda mübarizəyə həmişə olduğundan daha artıq hazırdır. Ordumuz, eləcə də əli silah tutan hər bir Azərbaycan vətəndaşı Ali Baş Komandan İlham Əliyevin əmrini gözləyir".