Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Xızı rayonunda bu rayonun və Abşeron, Qubadlı rayonlarının, Sumqayıt şəhərinin sakinlərini fərdi qaydada qəbul edib.
Unikal.org xəbər verir ki, görüşdə əsasən məşğulluğun təminatı, əmək hüquqlarının müdafiəsi, pensiya təminatı, mənzillə təmin olunma, bərpa müalicəsinə köməklik göstərilməsi və s. məsələləri əhatə edən müraciətlər nazirliyin aidiyyəti məsul şəxslərinin iştirakı ilə obyektiv şəkildə araşdırılıb. Vətəndaşların bir hissəsinin müraciətlərində qaldırdıqları məsələlərin həlli təmin olunub. İş yerləri ilə təmin edilmək üçün müraciət edən şəxslərə yaşadıqları ərazi üzrə boş (vakant) iş yerlərinə göndərişlər verilib, bir sıra şəxslərin nazirliyin bərpa müəssisələrində bərpa müalicəsinə cəlb edilməsi, ayrı-ayrı vətəndaşların əmək hüquqlarının təmin olunma vəziyyətinin araşdırılması tapşırılıb. Digər müraciətlərlə bağlı vətəndaşlara hüquqi izahatlar verilib.
Nazir əlillik təyinatının da elektron infrastrukturunun formalaşdığını, o cümlədən tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi prosedurunun artıq avtomatlaşdırılmış şəraitdə aparıldığını qeyd edib. S.Müslümov bu amillərin, habelə ikinci və üçüncü dərəcə əlilliyin təyinat müddətinin uzadılmasının, birinci dərəcə əlilliyin müddətsiz təyin olunmasının bu sahədə məmur-vətəndaş təmaslarını dəfələrlə azaltdığını, eyni zamanda müvafiq sahə ilə bağlı müraciətlərin azalmasına da səbəb olduğunu bildirib.