"Nərimanov rayonunun sosial-iqtisadi inkişafının 2017-ci ilin doqquz ayının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş Nərimanov Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş iclası keçirilib.
İH-dən Unikal.org-a daxil olan məlumata görə, tədbiri giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev cari il oktyabr ayının 9-da Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısının geniş nitq söyləyərək dünyada baş verən qlobal iqtisadi böhrana baxmayaraq, aparılan ardıcıl və köklü iqtisadi islahatlar nəticəsində ölkəmizdə sosial-iqtisadi inkişafın bütün sahələrində əldə olunmuş nailiyyətlərdən ətraflı söz açdığını və qarşıda duran vəzifələri diqqətə çatdıraraq, həmin vəzifələrin həlli ilə bağlı öz dəyərli tapşırıq və göstərişlərini verdiyini bildirib.
Rayon iqtisadiyyatının əsasını təşkil edən sənayenin mühüm iqtisadi göstəriciləri barədə məlumat verilərək, ilin doqquz ayının yekunlarına görə sözügedən sahənin dinamik inkişafının davam etdirildiyi və bu müddət ərzində xidmətlər də daxil olmaqla 2 milyard 143,9 milyon manatlıq məhsul istehsal olunaraq, ötən ilin müvafiq dövrünə nisbətən 4,5 faiz artım sürətinin əldə edildiyi, istehlakçılara 2 milyard 149,5 milyon manatlıq və ya bütün sənaye məhsulunun 104,6 faizi qədər sənaye məhsulunun göndərildiyi, eləcə də hesabat dövrü ərzində çox hissəsi istehsal və tikinti sahəsinin inkişafına sərf edilmiş 45,2 milyon manatlıq investisiyanın yatırıldığını vurğulanıb.
Nazirlər Kabinetinin rayon ərazisində abadlıq quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək yerində müasir tələblərə uyğun yeni binaların tikilməsi və həmin binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı qərarından irəli gələn vəzifələrin mərhələli həlli istiqamətində işlərin davam etdirildiyini və beləliklə də rayon ərazisində yerləşən 9 ünvanda artıq tikinti işlərinə başlanıldığı, 13 ünvanda sakinlərin köçürülməsi prosesi başa çatmaq üzrə olduğu, 5 ünvanda isə sənədləşdirmə işlərinin davam etdiridiyi qeyd edilib.
Hesabat iclasının yekununda A.Fərzəliyev Nazirlər Kabinetinin iclasında dövlət başçısının çıxışından irəli gələn qarşısıya qoyulmuş vəzifələrin vaxtında və keyfiyyətli icrası üçün rayondakı idarə və müəssisə rəhbərlərinə konkret tapşırıq və tövsiyələrini verib.