İran prezidenti Həsən Ruhani ABŞ prezidenti Donald Trampın verdiyi açıqlamalara münasibət bildirib.
Unikal.org-un apa-ya istinadən məlumatına görə, H.Ruhani ABŞ prezidenti Donald Trampın Fars Körfəzini Ərəb Körfəzi adlandırmasını tənqid edib və deyib ki, D.Trampın çıxışı küfr və ittihamdan başqa bir şey deyil: "Mən onu tarixi, həm də coğrafiyanı bir dəfə də oxumağa dəvət edirəm. O həmçinin beynəlxalq öhdəlikləri və ədəb qaydalarını öyrənsin.
H.Ruhani İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) dəstəkləyib və deyib ki, SEPAH güclü bir qüvvədir və xalq həmişə onun yanındadır: "Açıq şəkildə deyirəm ki, biz terrorun qarşısında durmuşuq və durmağa davam edəcəyik.
H.Ruhani bildirib ki, ABŞ-ın məqsədi İranda iqtisadiyyat və investisiyaya ziyan vurmaq və Hərtərəfli Birgə Fəaliyyət Planının pozulmasına nail olmaqdır.
"Siz İranın raketlərinə görə narahatsınız? Siz bu regionda həmişə təcavüzkar olmusunuz. Bizim raketlərimiz özünümüdafiə üçündür. Daim müdafiə üçün qətiyyətli olmuşuq, bu gün həmişəkindən daha da çox silah istehsal etmək üçün çalışacağıq. İran bundan sonra öz raket istehsal proqramını daha da gücləndirəcək. İrana silah sırf müdafiə üçün lazımdır, deyə H.Ruhani bildirib.