Ermənistan prezidenti Serj Sarkisyan bu gün Cenevrədə Azərbaycan prezidenti İlham Əliyevlə keçirdiyi görüşdə müzakirə olunan bəzi detalları açıqlayıb.
Unikal.org-un azvision-a istinadən məlumatına görə, Sarkisyan İsveçrədə erməni diasporunun nümayəndələri ilə görüşdə bildirib ki, bu gün Azərbaycan prezidenti ilə cəbhədə gərginliyin azaldılmasına dair razılıq əldə edilib.
"Bir neçə dəqiqə əvvəl Azərbaycan prezidenti ilə görüş başa çatıb. Problemin həlli variantları ilə bağlı konkret razılaşma yoxdur. Gərginliyin azaldılması üçün tədbirlər görmək barədə anlaşdıq. Azərbaycan prezidenti də, mən də bunda çox maraqlıyıq. İlham Əliyev problemin mürəkkəbliyini çox yaşı anlayır. Təbii ki, mən də. Bu elə problemdir ki, sadə həlli olmayacaq, - Sarkisyan deyib.
Qeyd edək ki, bu gün Cenevrədə Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan prezidenti Serj Sarkisyan arasında görüş keçirilib. Görüşdə ATƏT Minsk Qrupunun həmsədrləri (İqor Popov Rusiya, Stefan Viskonti Fransa, Andrü Şofer ABŞ) Ermənistan xarici işlər naziri Edvard Nalbəndyan, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik iştirak edibklər.
Zirvə görüşündən sonra Azərbaycan və Ermənistan xarici işlər nazirləri və ATƏT-in Minsk Qrupunun həmsədrləri birgə bəyanat yayıb.
Bəyanatda görüşün konstruktiv keçdiyi qeyd olunub. Bildirilib ki, prezidentlər danışıqlar prosesini intensivləşdirmək üçün tədbirlər görməyə və təmas xətti boyunca gərginliyi azaltmaq üçün əlavə addımlar atmağa razılaşıblar.