İranın Beynəlxalq Əhli-beyt cəmiyyətinin sədri Həsən Əxtəri: "Ermənilərlə farslar bir millət, iki dövlətdir"
Noyabrın 27-də İranın Beynəlxalq Əhli-beyt cəmiyyətinin sədri ayətullah Həsən Əxtəri erməni katalikosu II Qareginin dəvəti ilə Ermənistana səfər edib. Səfər çərçivəsində Həsən Əxtəri Ermənistanın bir sıra vəzifəli şəxslər və din xadimləri ilə görüşlər keçirib, İrəvandakı Göy məsciddə və Eçmiədzin kilsəsində olub.
İrəvan Dövlət Universitetində tələbələr qarşısında çıxış edən Həsən Əxtəri erməni və fars xalqlarının tarixi köklərinin qohumluğundan bəhs edərək əlaqələrin hazırkı vəziyyətindən məmnunluğunu bildirib və münasibətlərin gələcəkdə inkişafının zəruri olduğunu vurğulayıb. Onun ardınca çıxış edən universitetin rektoru Aram Simonyan ikitərəfli əlaqələrin dini müstəvidə də inkişaf etməsini sevindirici hal kimi qiymətləndirib, Azərbaycan-Türkiyə əlaqələrinin devizi olan "bir millət, iki dövlət" ifadəsini erməni və fars xalqlarına münasibətdə istifadə edib. Bu arada, mədəniyyətimizi, tariximizi mənimsəməyi özünə adət etmiş erməni "ziyalısı"nın, bu dəfə də Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin Türkiyə və Azərbaycan dövlətləri üçün istifadə etdiyi şüarı özününküləşdirmək cəhdi bizim üçün təəcüb doğurmadı...
Təəccüb doğuran məqam isə İslam ümmətinin, xüsusilə ümümdünya şiələrinin haqlarının müdafiəsi ilə məşğul olan cəmiyyətin sədrinin Xocalıda din qardaşlarının soyqırımını həyata keçirmiş xalqla eyni kökə malik olmasını İrəvanda nümayişkaranə surətdə bəyan etməsidir.
II Qareginlə söhbətində Azərbaycan mədəniyyəti nümunəsi olan Goy məscidin erməni xalqı tərəfindən Fars abidəsi kimi qorunub saxlanılmasını yüksək qiymətləndirən iranlı ayətullah Ağdam məscidində ermənilərin donuz saxlamasından xəbərsizdi yəqin...
İranlı ayətullahları özləri üçün öndər görən ölkəmizdəki bəzi dindarlar isə Əhli-Beyt cəmiyyətinin İrəvanla, Eçmiədzin kilsəsi ilə əlaqəsini hər halda beynəlxalq əməkdaşlıq kimi izah etməyə çalışacaqlar... İmam Hüseynin Kərbəlada şəhadətini dünyaya haqq səsi olaraq car çəkən ayətullah Əxtərinin şiə qardaşlarının qanına əli bulaşmış II Qareginlə görüşünü də xütbələrdə haqq-ədalət nümunəsi kimi bizə təqdim edəcəklər...
Ənənəvi İran-Ermənistan qardaşlığının son dövrlərdəki addımları hələ bunlarla da bitmir.İrərvandakı İran səfirliyi tərəfindən İslam İnqilabının ildönümü münasibətilə 2016-cı ilin fevral-mart aylarında "Fars dili" olimpiadasının keçirilməsi planlaşdırılır. Səfirliyin muxtəlif vaxtlarda yaydığı məlumatlara görə, hazırda Ermənistan ərazisində 12 məktəbdə fars dilinin tədrisi aparılır və onlar arasında Dvin, Artaşat və Qornidəki məktəblər xüsusi fəallığı ilə seçilirlər.
Eyni zamanda İranın "Araz" Azad İqtisadi Zonasının təşkilatçılığı ilə Ermənistanın Mehri qəsəbəsində müştərək bazarın, Gorus şəhərində isə azad ticarət bölgəsinin yaradılması üzrə işlər gedir. 2017-ci ildə tamamlanması nəzərdə tutulan layihə çərçivəsində İran istehsalı olan malların Ermənistanda güzəştli şərtlərlə satışı da planlaşdırılır.
Bir sözlə 1990-cı illərdən başlayan İran-Ermənistan əlaqələrinin intensiv inkişafı tarixi ənənəsinə sadiq qalaraq davam etməkdədir. Azərbaycanda bəziləri isə hələ də İran səfirliyini görəndə İslam Respublikasının, ayətullahlar ölkəsinin nümayəndəliyi olduğuna inanıb "salavat" zikr edirlər. (turkustan.info)