Azərbaycan Avropa Şurasının (AŞ) 2017-ci il "Ədalətin kristal tərəzisi" xüsusi diplomu ilə təltif olunub.

Unikal.org trend-ə istinadən xəbər verir ki, bu barədə  Avropa Şurasının saytında qeyd olunub.  

Ədliyyə və məhkəmə sistemi sahəsində uğur qazanmış Avropanın dörd ən mütərəqqi layihəsi AŞ tərəfindən mükafatlandırılıb. Onların arasında Azərbaycan Ədliyyə Nazirliyinin Məhkəmə-Hüquq Şurası və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Hüquq və Fəlsəfə İnstitutunun "Məhkəmələrin işinin təkmilləşdirilməsi - məhkəmə islahatlarının idarə olunması" layihəsi də var.

Məlumatda qeyd olunur ki, AŞ Norveçin Milli Məhkəmə Administrasiyasını 2017-ci il "Ədalətin kristal tərəzisi" mükafatı ilə təltif edib. Qurum Norveç məhkəmələrində şahidlərə kömək təşəbbüsünə görə bu mükafata layiq görülüb.

Bolqarıstanın Yüksək Məhkəmə Şurası "Ədliyyə - şüurlu seçim və ictimaiyyətin etimadı" proqramına görə, İtaliyanın Kataniya şəhər məhkəməsi miqrantlarla bağlı ərazi komissiyalarının qəbul etdiyi qərarlara təkrar baxmasına görə, xüsusi diplomlarla təltif olunub.

Qeyd edək ki, oktyabrın 27-də Avropa Ədliyyə Gününün qeyd olunması ərəfəsində baş tutan "Ədalətin kristal tərəzisi" müsabiqəsi Avropa Şurası tərəfindən 2005-ci ildən keçirilir və həmin müsabiqə çərçivəsində ədliyyə və məhkəmə sisteminin fəaliyyəti ilə bağlı Avropa Şurasının 47 üzv dövləti sırasından ən qabaqcıl və səmərəli təcrübələr seçilərək mükafatlandırılır.