Sumqayıt Dövlət Universiteti növbəti məzunlarını böyük qürur və sevinc hissi ilə həyata yola salır. İyunun 30-da universitetin əsas tədris binasının qarşısında keçirilən “Məzun günü” mərasimi ali təhsil həyatının mühüm mərhələsini başa vuran gənclər üçün əlamətdar hadisə olub.

"Unikal" xəbər verir ki, tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov, Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı, professor-müəllim heyəti, universitetin tərəfdaş qurumlarının nümayəndələri, məzunlar və onların valideynləri iştirak ediblər.

Ənənəyə uyğun olaraq tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstü önünə və Vətən uğrunda canından keçmiş SDU məzunlarının xatirəsinə ucaldılmış abidə kompleksinə gül dəstələri düzərək ehtiramlarını ifadə ediblər.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan mərasimdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların əziz xatirəsi dərin ehtiramla yad olunub.

Tədbirdə çıxış edən universitetin rektoru professor Nurəli Yusifbəyli  məzunları əldə etdikləri bilik və bacarıqları ölkənin inkişafına, elmə, innovasiyalara və cəmiyyətin tərəqqisinə yönəltməyə çağırıb. Bildirilib ki, SDU məzunları müasir əmək bazarının tələblərinə uyğun peşəkar hazırlıq, yüksək mənəvi dəyərlər və vətəndaş məsuliyyəti ilə yeni fəaliyyət mərhələsinə qədəm qoyurlar.
Qeyd olunub ki, universitetin əsas prioritetlərindən biri keyfiyyətli təhsil mühitinin formalaşdırılması, elmi-tədqiqat fəaliyyətinin genişləndirilməsi və əmək bazarı ilə sıx inteqrasiyanın təmin edilməsidir. Bu istiqamətdə həyata keçirilən ardıcıl tədbirlər SDU-nun nüfuzunun və rəqabətqabiliyyətliliyinin daha da yüksəlməsinə xidmət edir.

Mərasimdə universitetin sənaye və xidmət sektorunda fəaliyyət göstərən tərəfdaşları – “Veysəloğlu” Şirkətlər Qrupu, “Azərsun Holdinq” MMC, “Badamlı”, “Red Bull”, “VMF”, “Edu Company” təhsil şirkəti, “Bakcell”, “İydə Parfum” mağazalar şəbəkəsi və “Osmanlı” restoranlar şəbəkəsinin nümayəndələri də iştirak edərək məzunları təbrik ediblər.

“Məzun günü” mərasimi universitetin tələbələrinin hazırladığı rəngarəng bədii proqramla davam edib.

Sumqayıt Dövlət Universiteti bundan sonra da ölkənin inkişaf prioritetlərinə uyğun yüksək ixtisaslı, innovativ düşüncəli və rəqabətqabiliyyətli mütəxəssislərin hazırlanması istiqamətində fəaliyyətini uğurla davam etdirəcək.