İrəvanda saxta soyqırım iddialarının 101-ci ildönümündə Azərbaycan və Türkiyə bayraqları yandırılıb. Lakin etirazın bu formasını qonşu ölkədə heç də hamı təqdir eləmir. 1in.am informasiya portalının siyasi şərhçisi Musa Mikaelyan kimi.
Onun məqaləsini qısa ixtisarla təqdim edirik:
"Ermənistanda ildönümlə bağlı tədbirlər 23 aprel axşamından başlayıb . Artıq ənənə halını almış şamla yürüş keçirilib və yürüş zamanı Türkiyə və Azərbaycan bayraqları yandırılıb. Ancaq 4 günlük müharibədən sonra xüsusilə anlaşılmır ki, bayraqların yandırılması nəyi simvolizə edir. Bu gün bayraqları retroqrad (geridə qalmış –red.) cəmiyyətlər yandırır. Ancaq məsələ təkcə bunda deyil.
Bayraqları o cəmiyyətlər yandırır ki, gücsüz, ümidsiz, köməksizdirlər, özlərini aldanmış və həyat qabiliyyəti olmayan kimi hiss edirlər – hansı cəmiyyətlərin ki, əlindən bayraq yandırmaqdan savayı heç nə gəlmir. Misal üçün, Ramil Səfərov Azərbaycana ekstradisiya olunanda Ermənistanda Macarıstanın bayrağını yandırdılar, çünki əllərindən başqa heç nə gəlmədi. İndi də gəlmir. İndiyə kimi də ermənilərin cavabı pomidor atmaqdan və bayraq yandırmaqdan uzağa getməyib. Bu pomidor və bayraqlar isə bizim ümidsizliyini və köməksizliyni sübut edir.
Eyni qaydada da yandırılan Türkiyə və Azərbaycan bayraqları. Erməni gəncliyinin aprelin 24-də Türkiyə bayrağını yandırması təkcə radikalizmin ağrılı təzahürünü xatırlatmır, həm də gəncliyin ümidsiz olması təəssüratını yaradır. Dünyaya, Azərbaycana, Türkiyəyə nəsə göstərmək, nəyi isə inandırmaq və ya nəyəsə məcbur eləmək üçün isə bayraqları yandırmaq yox, güclü, inkişaf eləmiş, dünyaya öz dəyərlərini və yaradıcı potensialını təqdim edə bilən dövlət və cəmiyyət qurmaq lazımdır. 21-ci əsrdə bu lazımdır. Və bu yaradıcı potensial ermənilərin dünyadakı səsini eşidilən etməlidir – özü də təkcə aprelin 24-də yox, həmişə.
Burda isə problem ilk növbədə öz şəxsinə və xalqına, millətinə hörmətdədir. Bayraqların və ya müqəvvaların yandırılması o dövlətlərin və cəmiyyətlərin "monopoliyasında" qalıb ki, onlar üçün hələlik daxili yanma mühərriki ideyası hələ ki, əlçatmazdır. Ermənistanın yalnız bir yolu var – Azərbaycana və Türkiyəyə öz dövlətinin sanbalı ilə nəyisə qəbul etdirmək, amma bundan öncə o, özü özünə başqa keyfiyyətdə olan bir dövlət nizamı qəbul etdirməlidir, bu gün mövcud olanı yox. Mövcud reallıq fonunda isə həqiqətən də bayraqları yandırmaqdan savayı əldən heç nə gəlmir.
Ancaq belə davam edərsə, günün birində bizim hətta bayraq yandırmaq imkanımız da olmayacaq. Demək, çıxış yolu birdir – totem mübarizə mentalitetini dəyişmək və anlamı olan, konseptual mübarizəyə keçmək gərəkdir – keyfiyyətcə yeni bir dövlət uğrunda mübarizəyə başlayıb, dövlət və milli maraqlardan, ləyaqətdən qaynaqlanan problemlər uğrunda mübarizədə qurtarmaqla".(Musavat.com)