Artıq əlil şəxsi qovan restoran işçisinin özü də işdən çıxarılıb.
 
Azərbaycanlı iş adamı Emin Ağalarov restoranından qovulan əlilə görə üzr istədi. ANS PRESS-in məlumatına görə, insident Moskvadakı "Rose bar"da baş verib. Oleq Eremin adlı əlil şəxs adıçəkilən restorana buraxılmayıb.

Moskvalı kişi aprelin 22-də adıçəkilən restorana gedib. Restoran iş adamının sahibi olduğu "Crocus Group" şirkətlər qrupuna daxil olub. Kişi başına gələnləri özünün sosial şəbəkədəki səhifəsində yazıb. 

"İçəri girdim. Kurs yoldaşlarımı gördüm və söhbət etməyə başladıb. 3 dəqiqə sonra mühafizə xidməti yaxınlaşdı və məndən restoranı tərk etməyimi istədi. Heç bir səbəb izah edilmədi. O, bunun idarəçinin istəyi olduğunu deyib məni liftə kimi ötürdü".

Azərbaycanlı gənc iş adamı baş verənlərdən xəbər tutan kimi tədbir görüb. E.Ağalarov "İnstagram" səhifəsində baş verən hadisəyə görə üzrxahlıq edib. O, Oleq və onun dostlarını pulsuz şam yeməyinə dəvət edib və söz verib ki, insidentin səbəbi, nə üçün belə addım atıldığı öyrəniləcək. 

"Rose Bar"dan "Komsomolskaya Pravda"ya verilən açıqlamada hadisəyə görə günahkarın adminstrator olduğu deyilib. "Biz öz əməkdaşımızın əməlindən təəssüflənirik". Biz diskriminasiyaya qarşıyıq və həmin əməkdaş artıq işdən çıxarılıb".