Şəmkirdə Rusiya əsilli qadın maskalıların hücumuna məruz qalıb.
 
Unikal.org Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, quldurlar Vera Məmmədovanın xeyli miqdarda qızıl-zinət əşaylarını, mobil telefonunu və nağd pulunu ələ keçirərək qaçıblar. 

Vera Məmmədova - zərərçəkən şəxs: "Artıq bir neçə ildir övladlarım Rusiyada bizneslə məşğuldur. Həyat yoldaşım isə vəfat edib. Bu səbəbdən də evdə tək qalıram. Həmin gecə də tənha keçirdiyim günlərdən biri idi. Ağlıma belə gəlməzdi ki, gecə bu cür aqibətlə üzləşərəm". 

Şəmkirin Düzqışlaq kəndində yaşayan Vera Məmmədovanın ağlına gəlməyən başına gəlib. Gizlincə həyətə daxil olan maskalı şəxslər, pəncərəni sındırmaqla evə giriblər. 

Pəncərənin küləyin təsirindən sındığını düşünən qadın ayaq səsləri eşidincə yataq otağından foyeyə çıxmaq istəyib. Lakin quldurlar əl-qolunu və ağzını bağladıqları Vera Məmmədovaya soyuq silahla hədə-qorxu gələrək pul və qızıl tələb ediblər. Qorxaraq əlacsız qalan qadın, 3 min manat dəyərində qızıl-zinət əşyasını və 130 manat nağd pulu həmin şəxslərdən birinə verib.

Vera Məmmədova - zərərçəkən şəxs: "Mənim əlimi bağladıqdan sonra dedilər ki, evində olan 100 qram qızılı ver. Dedim, vallah, mənim o qədər qızılım yoxdur. Qızılları verməlisən, deyib durdular. Evimdə olan bir dəst üzuk, boyunbağı və sırğanı verdim. Sonra dedilər ki, pul da ver. 30 manat pul verdim. Razılaşmadılar, dedilər ki, bu nə puldur, heç bizim yol pulumuzu ödəmir. Nə qədər axtardım əlavə pul tapmadım. Sən demə, əvvəlcədən özləri çantamda olan 100 manatı da götürüblər". 

Qadından polisə məlumat verməməyi də tələb edən quldurlar Vera Məmmədovaya məxsus mobil telefonu da sındıraraq özləri ilə götürüblər. Qadın hadisədən bir neçə saat sonra ətrafda yaşayanların köməkliyi ilə polisi xəbərdar edib. Şəmkir Rayon Polis Şöbəsinin əməliyyat istintaq qrupu dərhal hadisə yerinə baxış keçirib və qadının ifadəsini alıb. Şöbədən verilən məlumata görə, Vera Məmmədovaya qarşı quldurluq edən şəxslərin tutulması istiqamətində əməliyyat -axtarış tədbirləri davam etdirilir.