Almaniyanın Şimal-Şərq Regional Liqasında XXX turun oyunları keçirilib.
Unikal.org apasport.az-a istinadən xəbər verir ki, Azərbaycan yığmasının futbolçusu İltər Taşkın "Neustrelits" klubunun heyətində növbəti matçına çıxıb.
"Viktoriya Berlin"lə səfər qarşılaşmasında meydana start heyətində daxil olan gənc oyunçu 90 dəqiqə mübarizə aparıb və qol da vurub. Belə ki, qonaqların 5:0 hesabı ilə qalib gəldiyi görüşdə Taşkın 43-cü dəqiqədə komandasının 3-cü qoluna imza atıb. Bu qalibiyyət sayəsində xallarının sayını 41-ə çatdıran "Neustrelits" turnir cədvəlində 10-cu pilləyə yüksəlib.
Həmin liqada iştirak edən digər milli üzvü Rüfət Dadaşovun klubu "Halberştadt" isə "Oberlausitz"i qəbul edib. Meydan sahiblərinin 1:0 hesablı qalib gəldiyi görüşü Dadaşov əvəzedilmədən keçirib. "Halberştadt" qələbə sayəsində 18 komanda arasında 16-cı yerə yüksəlib - 23 xal.
Qeyd edək ki, İltər Taşkın bir müddət öncə "Qarabağ"a baxışa gəlsə də, baş məşqçi Qurban Qurbanov onun hazırlıq durumundan məmnun qalmamışdı.