Qarabağ Azadlıq Təşkilatının (QAT) rəhbəri Akif Nağı ilə Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri, deputat Araz Əlizadə arasında yaşanan qalmaqal müzakirə mövzusudur.
Qeyd edək ki, tərəflər himnlə bağlı yaranan mübahisəyə görə bir-birlərini döyəcəkləri ilə hədələyib.
Unikal.org xəbər verir ki, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev modern.az saytına açıqlamasında bildirib ki, Araz Əlizadə ilə Akif Nağının siyasətçiyə yaraşmayan tərzdə verdikləri açıqlamalar qınanmalıdır.
"Mən istərdim ki, bu cür polemikalara son qoyulsun. Biz indi elə bir vəziyyətdəyik ki, ermənilərə qarşı döyüşmək lazımdır. İstərdim ki, Akif Nağı rəhbəri olduğu təşkilatın sədri kimi o yumruqları ermənilərə vursun".
Partiya sədri Araz Əlizadəni də ittiham edib: "Araz Əlizadə kimi mənşəyi azərbaycanlı olmayan bir insanla belə polemikalara girməyə ehtiyac yoxdur. Arazdır da, qələt edib, bir söz deyib. Akif Nağı gərək ona bənd olmayaydı. Bu cür hərəkətlər siyasətlə məşğul olan insanlara yaraşmaz. Sadəcə olaraq istərdim ki, fikir bildirən insanlar elə danışsınlar ki, xalqımız və gəncliyimiz ondan faydalansın. Hər ikisini barışığa dəvət edirəm".
Hafiz Hacıyev onu da bildirib ki, özü heç zaman opponentinə güc tətbiq etməyib.
"Mən qol gücü ilə tanınan siyasətçilərdən deyiləm. Mən ideoloji baxımdan bütün siyasətçilərin əksəriyyətinin cavabını vermişəm. Onları siyasi arenadan vurub çıxarmışam. Vurub çıxartmaq o demək deyil ki, təpikləyib, şillələyib, ağzının-burnunun qanını bir-birinə qatasan. Mən ideoloji mənada onları "qanlarına qəltan etmişəm"- deyə o, bildirib.
"Deyirsiniz ki, qol gücündən istifadə etmirsiniz, amma Cəmil Həsənliyə canlı efirdə stəkan tulladınız. Bu zorbalıq deyilmi" sualına isə Hafiz Hacıyevin cavabı belə olub:
"O bir məqam idi, oldu. Cəmil Həsənli payını almalı idi. Mən o zaman Əkrəm Əylislinin qulağını kəsmək üçün tapşırıq da vermişdim. Amma mənə nə qədər təzyiqlər oldu. Qoymadılar ki, Əkrəm Əylislinin qulağını kəsim. Hafiz Hacıyev uzaqgörən siyasətçilərdəndir".
Partiya rəhbəri onu da əlavə edib ki, şəxsən özünü heç bir siyasətçi, şəxs döyməyib: "Hafiz Hacıyevi döyən hələ anasından olmayıb. Mənə qol gücü tətbiq edən bir insan özünün qəbrini qazmış olar. Hafiz Hacıyev zəif adam deyil. Qol gücüm də var, beyin gücüm də".