Dağlıq Qarabağda baş verən dördgünlük müharibə zaman erməni ordusunun itkilərinin çox olmasına səbəb Azərbaycanın arsenalında Rusiyaya məxsus strateji silahların olmasıdır.
Bunu Ermənistanın sabiq baş naziri, hazırki deputat Qrant Baqratyan ölkə parlamentinin iclasında çıxışı zamanı deyib. O, cəbhədəki məğlubiyyətə görə, ölkə və ordu rəhbərliyini kəskin qınayıb: "Axşam saat 8-dən sonra bizim əsgərlərin gözü kor olmasaydı, əsgərlər arasında rabitə əlaqəsi olsaydı, Müdafiə Nazirliyinin rəhbərliyində ciddi problemlər olmasaydı, cəbhədə bu qədər itki verməzdik. Əsgərimiz axşamlar heç nə görmür, çünki gecəgörmə cihazları yoxdur.
Bizim ona görə bu qədər itkimiz var ki, orduda adi rabitə vasitələri çatışmır, əsgərlər bir-biri ilə mobil telefonla əlaqə saxlayır və nəticədə hədəfə çevrilir. Əsgərlər hələ də 25 il əvvəlki köhnə rabitə vasitələrini istifadə edirlər.
Hesab edirəm ki, ordumuzun çoxsaylı itkilərinə görə müdafiə nazirini və baş qərargah rəisini parlamentə çağırıb izahat istəməliyik".
Qrant Baqratyan deyib ki, orduya ayrılan vəsaitlərin nə dərəcədə effektiv xərcləndiyini aydınlaşdırmaq üçün müdafiə naziri hesabat verməlidir:
"Bundan başqa hərbi rəhbrəlik ordu büdcəsinin hara xərclənməsi ilə bağlı hesabat təqdim etməlidir. Nəzərə alsaq ki, ordumuzun maddi sıxıntısının olması dəfələrlə bəyan edilib.
Bizim orduda nə baş verir? Müqavilə əsasında ölkəyə gətirilən müxtəlif avtomobillər sonradan kiminsə altında olur".
Hakim partiyadan vitse-spiker Eduard Şarmazanov isə Baqratyana cavab olaraq: "Müdafiə naziri bu məsələləri bizimlə müzakirə edərdi. Ancaq hesab etmirəm ki, məsələnin bu cür açıq müzakirəsi problemlərin həllinə imkan yaradacaq. Əgər istəsəniz parlamentdə keçirilən hökumət saatında bu sualları müdafiə nazirinə ünvanlaya bilərsiniz. Və ya sizin Seyran Ohanyanla onun otağında ayrıca görüşünü təşkil etmək də mümkün olar".