25 yaşlı Qarabağ qazisi Kamil Musəvi Region TV-də yayımlanan "Regionun fəxri" verilişinə maraqlı açıqlamalar verib.
Unikal.org xəbər verir ki, Azərbaycan ordusunun ehtiyatda olan baş leytenantı mina partlayışının ardınca yaşadığı anları belə xatırlayır: "Hərbi məktəbi bitirdikdən sonra 2013-cü ildə Tərtərə hərbi xidmətə yollandım. Cəbhədə minaya düşüb, bir ayağımı və bir gözümü itirdim. Zülmət qaranlıq idi, partlayış oldu, yıxıldım yerə. Özümü itirmədim. Sifətimi siləndə gördüm ki, gözümdən qan gəlir. Sol gözümü hiss etmirdim. Əlimi ayağıma atdım, əlim sümüyə dəydi. Gördüm ki, ayağım topuq hissədən yoxdur. Hamısını da normal qəbul etdim.
Sonra fikirləşdim ki, yuxu ola bilər. Bir də yoxladım ayağımı, əlimə qan fıskırdı. Yerdə sürünməyə başladım. Sürünə-sürünə deyirdim ki, gənc ailəm yazıq oldu. Bir yoldaşım məni götürüb səngərimizə saldı. Orada ilk tibbi yardım göstərildi, sonra xəstəxanaya apardılar məni. Xəstəxanada eşitdim ki, "gecikdirməyin, salın əməliyyata" deyirlər. Hər şey yadımdadır, huşum başımda idi. Xətəxanda əmim başımın üstündə ağlayırdı. Dedim, ağlama, əmi, belə şeyə ağlamazlar. Dedi ki, mən sənə ürək-dirək verməkdən, sən mənə ürək-dirək verdin. 2 gözüm tutulmuşdu, 4 gün görmədi. Övladım hələ doğulmamışdı, dedim ki, bir gözüm açılsın, övladımı görüm. 1 gözüm sonradan görməyə başladı. Dedim ki, vəssalam, mənə heç nə lazım deyil. Yaşayıram. Ayağımı, gözümü itirdim, amma qazandıqlarım çox oldu. Bu gün də döyüşə getməyə hazıram".
Verilişdə qazinin ailəsi və dostları ilə də söhbət yer alıb. Qarabağ qazimizin anası və atası o günləri xatırlayarkən göz yaşlarını saxlaya bilməyiblər.