Bu gün Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan MDB Müdafiə Nazirləri Şurasının yeni təyin edilmiş katibi, general-mayor Yuri Daşkin ilə görüşüb.
Bu barədə Unikal.org-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Müdafiə naziri qonağa Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş verən son hadisələr, hazırkı vəziyyət barədə ətraflı məlumat verib. General-polkovnik Z.Həsənov düşmən tərəfindən yaşayış məntəqələrimizin və mülki əhalinin atəşə məruz qalması faktlarını xüsusi olaraq diqqətə çatdırıb.
Beynəlxalq birlik tərəfindən tanınan Azərbaycan ərazilərinin 20 ildən artıq erməni işğalı altında olduğunu və bunun nəticəsində bir milyondan çox soydaşımızın didərgin düşdüyünü vurğulayan müdafiə naziri danışıqlar prosesinin nəticəsiz qaldığını deyib.
MDB-nin üzvü olan ölkələrlə hərbi sahədə əlaqələrə toxunan general-polkovnik Z.Həsənov bu əməkdaşlığı daha da inkişaf etdirmək üçün perspektivlərin mövcudluğunu bildirib.
MDB Müdafiə Nazirləri Şurası üzv ölkələrin nazirləri ilə görüşləri çərçivəsində ilk səfərin məhz Azərbaycana olduğundan məmnunluğunu ifadə edən Y.Daşkin Birliyin ölkələri arasında hərbi sahədə münasibətlərin genişləndirilməsinin vacibliyini vurğulayıb.
General-polkovnik Z.Həsənov general-mayor Y.Daşkinə MDB Müdafiə Nazirləri Şurasının katibi vəzifəsində və gələcək fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.