Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) "N hərbi hissəsində 9 noyabr - Dövlət Bayrağı Gününə və gənc əsgərlərin hərbi andiçməsinə həsr olunmuş təntənəli mərasim keçirilib.
Unikal.org DTX-nin saytına istinadən verdiyi məlumata görə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığı ilə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Mədət Quliyev tədbirdə iştirak edib. Təntənəli mərasimdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbər işçiləri, təhlükəsizlik orqanlarının veteranları və əsgər valideynləri də iştirak ediblər. Əvvəlcə general-leytenant M.Quliyev və mərasim iştirakçıları Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edərək abidəsi önünə əklil qoyublar. Sonra hərbi hissənin ərazisində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsinə həsr edilmiş "Əbədi məşəl kompleksinin açılışı olub. Dövlət himni səsləndirilib və Döyüş Bayrağı hərbi marşın sədaları altında sıra meydanına gətirilib.
Daha sonra gənc əsgərlər təntənəli surətdə Azərbaycan Respublikasına, xalqımıza sədaqətlə xidmət edəcəklərinə, dövlətimizin suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü layiqincə qoruyacaqlarına, əsgəri borca vicdanla əməl edəcəklərinə and içiblər. Ali Baş Komandan cənab İlham Əliyevin adından 9 noyabr - Dövlət Bayrağı Günü və andiçmə münasibətilə hərbi hissənin şəxsi heyətini, veteranları, valideynləri və qonaqları təbrik edən Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant M.Quliyev zabit və əsgərlərə Vətəni müdafiə etmək kimi şərəfli və məsuliyyətli xidmətlərində uğurlar arzulayıb. General-leytenant qeyd edib ki, Ulu Öndərin siyasi xəttinin layiqli davamçısı möhtərəm Prezident cənab İlham Əliyevin uzaqgörən və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan Respublikası uğurla inkişaf edir, sosial-iqtisadi məsələlər öz həllini tapır, xalq-iqtidar birliyi daha da güclənir. Azərbaycan dünyada və bölgədə sabitlik məkanı kimi tanınır. Xalqımız əmin-amanlıq şəraitində yaşayır, təhlükəsizlik təmin olunur.
Ali Baş Komandan cənab İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində DTX-nin hərbi hissəsində şəxsi heyətin nümunəvi xidməti üçün hərtərəfli şərait yaradıldığını qeyd edən M.Quliyev diqqətə çatdırıb ki, hərbi andı qəbul edən hər bir əsgər Azərbaycan Respublikasının keşiyində mətin dayanmalı, xalqını və dövlətini sonsuz məhəbbətlə sevməli, nümunəvi mənəvi-əxlaqi keyfiyyətlərə malik olmalı, hərbi peşənin sirlərini dərindən öyrənməli, fiziki və döyüş hazırlıqlarını daim təkmilləşdirməlidir. Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi əsgərləri işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda hər an döyüşə hazır olmağa çağırıb. Sonra gənc əsgərlər hərbi marşın sədaları altında təntənəli şəkildə tribuna önündən keçiblər. Xatirə şəkli çəkdirilib. Mərasim başa çatdıqdan sonra Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant M.Quliyev əsgər valideynləri ilə görüşüb.