Bakı Mühəndislik Universiteti ilə Cənubi Koreyanın İNHA Universiteti arasında icra olunan ikili diplom proqramının (BMU-İNHA İDP) 2025–2026-cı tədris ili üzrə məzunları üçün təntənəli buraxılış mərasimi keçirilib.
"Unikal" xəbər verir ki, tədbirdə elm və təhsil nazirinin müavini İdris İsayev, İNHA Universitetinin Himayəçilər Şurasının sədri Yonqrak Sunq, universitetin rektoru Ço Myeonq Voo, Azərbaycanın Koreyadakı səfiri Ramin Həsənov, Koreyanın ölkəmizdəki səfiri Kimqu Kanq, KOICA və KOTRA-nın rəhbər şəxsləri, Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Qədir Xəlilov, Milli Məclisin deputatları Vüqar Rəhimzadə, Aydın Hüseynov, hər iki universitetin professor-müəllim heyəti, məzunlar, onların valideynləri və digər qonaqlar iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi yad olunub, hər iki ölkənin dövlət himnləri səsləndirilib. Ardınca BMU-İNHA İDP-nin fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Açılış nitqi ilə çıxış edən BMU-nun rektoru Yaqub Piriyev “Məzun günü”nü yalnız gənclərin zəhməti və əzmkarlığının bəhrəsi deyil, eyni zamanda Azərbaycan ilə Koreya arasında təhsil sahəsində uğurla inkişaf edən strateji əməkdaşlığın və gələcəyə hesablanmış ortaq baxışın növbəti mühüm nailiyyəti kimi dəyərləndirib. Rektor vurğulayıb ki, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üzrə Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması Dövlət Proqramı” ölkədə ali təhsilin keyfiyyətinin yüksəldilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və yüksəkixtisaslı insan kapitalının formalaşdırılması baxımından mühüm strateji əhəmiyyət daşıyır. Qeyd edib ki, Dövlət Proqramı çərçivəsində dünyanın aparıcı universitetləri ilə birgə həyata keçirilən beş beynəlxalq ikili diplom proqramından biri məhz BMU tərəfindən icra olunur. Yaqub Piriyev bildirib ki, 2020-ci ildən həyata keçirilən BMU-İNHA İDP-nin icra müddəti Prezident İlham Əliyevin ötən il imzaladığı Sərəncamla 2030-cu ilədək uzadılıb. İDP-nin yeni mərhələsində əmək bazarının müasir tələblərinə və qlobal inkişaf meyillərinə uyğun, yüksək perspektiv vəd edən ixtisaslar üzrə mütəxəssis hazırlığının həyata keçirildiyini vurğulayan rektor proqramın davamı üçün ölkə rəhbərinə dərin təşəkkürünü ifadə edib.
Rektor diqqətə çatdırıb ki, 3+1 modeli əsasında icra olunan proqramda hazırda 330 tələbə təhsil alır. Bu il həmin tələbələrdən 113 nəfər məzun adını qazanaraq hər iki universitetin bakalavr diplomuna yiyələnir. Bununla da proqram üzrə məzunların ümumi sayı 256 nəfərə çatır. Yaqub Piriyev əlavə edib ki, BMU ilə İNHA arasında əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə 2024-cü ildə yeni əməkdaşlıq sənədi imzalanıb. Həmin sənədə əsasən, proqram məzunlarının akademik göstəricilərinə görə ən yüksək nəticə əldə edən 10 faizi İNHA Universitetinin magistratura proqramlarına qəbul olunduqları halda tam təqaüdlə təhsil almaq imkanı qazanırlar. Artıq 10-dan çox proqram məzunu bu imkandan yararlanaraq İNHA Universitetində magistratura səviyyəsində təhsilini davam etdirir.
Rektor məzunlara müraciətlə vurğulayıb ki, fərqli akademik mühitdə qazandıqları bilik, bacarıq və beynəlxalq təcrübə ölkənin elmi, texnoloji, iqtisadi və sosial inkişafına mühüm töhfə verəcək. Bildirib ki, yüksəkixtisaslı gənc mühəndislər kimi onların Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq işlərində, müasir infrastruktur layihələrinin icrasında, rəqəmsal transformasiya və innovativ inkişaf proseslərində fəal iştirak edəcəklərinə inanır. Çıxışının sonunda rektor məzunları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Məzunları təbrik edən elm və təhsil nazirinin müavini İdris İsayev beynəlxalq ikili diplom proqramını uğurla başa vuran gənclərin qazandıqları bilik və bacarıqların onların gələcək peşə fəaliyyətində mühüm rol oynayacağını bildirib. İdris İsayev Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın gənclərin keyfiyyətli təhsil almasına, beynəlxalq təhsil imkanlarının genişləndirilməsinə göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində bu gün ölkədə rəqabətqabiliyyətli mütəxəssislərin formalaşdığını vurğulayıb. Nazir müavini xaricdə ali təhsilin bütün səviyyələri üzrə həyata keçirilən dövlət proqramlarının gənclərin peşəkar inkişafına mühüm töhfə verdiyini qeyd edib, eyni zamanda Prezidentin müvafiq Sərəncamına uyğun olaraq ikili diplom proqramlarının sayının 8-ə çatdırılacağını deyib. İdris İsayev, həmçinin süni intellekt dövrünün çağırışlarını nəzərə alaraq gənclərə daim öz üzərlərində çalışmağı, bilik və səriştələrini davamlı artırmağı tövsiyə edib. Nazir müavini məzunların bu uğurunda professor-müəllim heyətinin zəhmətini və valideynlərin dəstəyini xüsusi vurğulayaraq onlara təşəkkürünü bildirib.
İNHA Universitetinin Himayəçilər Şurasının sədri Yonqrak Sunq və universitetin rektoru Ço Myeonq Voo BMU-İNHA İDP-ni Azərbaycan ilə Koreya arasında təhsil sahəsində uğurlu əməkdaşlığın nümunəsi kimi qiymətləndiriblər. Onlar proqramın tələbələrin beynəlxalq səviyyədə rəqabətqabiliyyətli mühəndis və IT mütəxəssisi kimi formalaşmasına mühüm töhfə verdiyinə, universitetlərarası əməkdaşlığın daha da genişləndirəcəyinə inandıqlarını vurğulayıblar. Fərqli mədəni mühitə uyğunlaşaraq və akademik sınaqlardan keçərək proqramı uğurla başa vuran məzunların hər biri ilə qürur duyduqlarını deyiblər. Bildiriblər ki, məzunlar iki ölkənin təhsil təcrübəsini mənimsəmiş, beynəlxalq standartlara uyğun hazırlıq keçmiş mütəxəssislər kimi qlobal əmək bazarında mühüm üstünlüklərə malikdirlər. Gəncləri sürətlə dəyişən müasir dünyada daim öyrənməyə, bilik və bacarıqlarını inkişaf etdirməyə çağıran natiqlər onları yeni imkan və uğurların gözlədiyini qeyd ediblər.
Sonra çıxış edən Azərbaycanın Koreyadakı səfiri Ramin Həsənov ölkələrimiz arasında münasibətlərin son illərdə bütün istiqamətlərdə, xüsusilə təhsil, elm və innovasiya sahələrində uğurla inkişaf etdiyini deyib. Bildirib ki, insan kapitalının inkişafı istiqamətində Koreya Azərbaycan üçün etibarlı tərəfdaşdır və birgə layihələr əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edir. Səfir ikili diplom proqramının yalnız yüksəkixtisaslı kadrların hazırlanmasına deyil, eyni zamanda iki ölkə arasında mədəni dialoqun gücləndirilməsinə də mühüm töhfə verdiyini qeyd edib. Ramin Həsənov bildirib ki, ikili diplom proqramının məzunları ölkəmizin sosial-iqtisadi inkişafına, innovativ potensialının gücləndirilməsinə mühüm töhfə verəcəklər.
Koreyanın ölkəmizdəki səfiri Kimqu Kanq da məzunları təbrik edərək onların Azərbaycanın Avropa və Asiyanı birləşdirən strateji mövqeyinin, Orta Dəhlizin mühüm logistika mərkəzlərindən biri kimi artan əhəmiyyəti və ölkənin beynəlxalq nüfuzunun yüksəldiyi tarixi bir dövrdə məzun olmalarını böyük fürsət və xoşbəxtlik kimi dəyərləndirib. Səfir BMU-İNHA İDP-ni Azərbaycan ilə Koreya arasında beynəlxalq təhsil əməkdaşlığının uğurlu modeli kimi səciyyələndirərək, proqramın yüksəkixtisaslı kadrların hazırlanmasına və iki ölkə arasında əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verdiyini vurğulayıb.
Tədbirdə “Elektrik mühəndisliyi” ixtisası üzrə məzun Amin İslamov və “İnformasiya texnologiyaları” ixtisası üzrə məzun Zoyarida Rəhimova çıxış ediblər. Bildiriblər ki, proqram onlara beynəlxalq səviyyəli təhsil almaqla yanaşı, fərqli akademik və mədəni mühitdə inkişaf etmək, yeni bilik və bacarıqlar əldə etmək, qlobal dünyagörüşü formalaşdırmaq üçün geniş imkanlar yaradıb. Məzunlar Azərbaycan Prezidentinə və proqramın həyata keçirilməsində əməyi olan hər kəsə təşəkkür ediblər.
Çıxışlardan sonra ixtisas birinciləri və universitetin ictimai həyatında fəal iştirak edən məzunlar mükafatlandırılıb, bütün məzunlara diplomlar təqdim olunub.
Mərasimin bədii hissəsində tələbələrin ifasında Azərbaycan və Koreyanın milli rəqsləri nümayiş etdirilib, müxtəlif musiqi kompozisiyalarından ibarət konsert proqramı təqdim olunub.
Tədbir məzunların ənənəvi kepatma mərasimi ilə başa çatıb.




















































