"Əfsuslar olsun ki, müstəqillik illərində qonşu Ermənistanın təcavüzü ilə üzləşdik. Azərbaycan BMT-yə daxil olarkən Dağlıq Qarabağ bizim idi. Biz etnik təmizləmə siyasətinə məruz qalmışıq. Bu, Ermənistan tərəfindən edilib. İşğal olunmuş ərazilərdə hər şey yerlə-yeksan edilib".
Unikal.org-un xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının (BMT) Sivilizasiyalar Alyansının VII Qlobal Bakı Forumunun rəsmi açılış mərasimində deyib.
"Baxın, görün, ölkəmizdə ermənilərin kilsəsi necə qorunub-saxlanılır. Amma ermənilər Azərbaycanın bütün tarixi abidələrini dağıdıb. BMT-nin Təhlükəsizlik Şurası Qarabağla bağlı 4 qətnamə qəbul edib. Bəzi hallarda belə qətnamələr həmin andaca həyata keçirilir. Amma bizə gəldikdə, icra olunmur, Ermənistan həmin qətnamələri icra etmir", - İ.Əliyev söyləyib.
Dövlət başçısı deyib ki, bu münaqişə beynəlxalq hüquq normaları çərçivəsində həll olunmalıdır: "Bizim torpaqlarımız işğaldan azad olunmalı və bütün məcburi köçkünlər öz yurd-yuvalarına qayıtmalıdır. Bütün beynəlxalq ictimaiyyət bu məsələnin həllində birgə iştirak etməlidir. Təəssüf ki, Ermənistan bu gün də BMT-nin qətnamələrinin şərtlərini yerinə yetirmir. Beynəlxalq ictimaiyyət təcavüzkarı beynəlxalq hüquq normalarının şərtlərini yerinə yetirməyə məcbur etməlidir".