Ermənistan Müdafiə Nazirliyi Dağlıq Qarabağda və Azərbaycanın işğal edilmiş digər rayonlarına qadın snayperləri yollamağa başlayıb.
Unikal.org milli.az-a istinadən xəbər verir ki, Rusiyanın Ermənistanın Gümrü şəhərindəki 102-ci hərbi bazasında xüsusi hazırlıq keçmiş bu qadın snayperlər Ağdərə, Füzuli, Cəbrayıl və Hadrut rayonlarındakı postlarda yerləşdirilirlər.
Ayın əvvəlindən bəri Dağlıq Qarabağa Ermənistandan 19 qadın snayperin göndərildiyi iddia olunur. Onların əksəriyyəti Britaniyanın "Accuracy International" şirkətinin istehsalı olan "L96A1 Tross / Arctic Warfare" snayper tüfəngi ilə təmin olunub.
Bununla yanaşı, erməni qadın snayperlərin yerdə qalan qismində Rusiya istehsalı olan OSV-96, V-94, SVD və SV-98 snayper tüfəngləri də var.
Erməni qadın snayperlərin xidmət etdikləri hərbi hissələrə gəldikdə isə, onlar Ermənistanın Karçaxpyur şəhərindəki 555-ci motoatıcı alayın, Nubaraşendəki 545-ci motoatıcı alay və İcevandakı 246-cı motoatıcı alayın hərbi qulluqçularıdır.
Qarabağa bu yaxınlarda Ermənistanın Sisyan şəhərindəki 2-ci motoatıcı briqadadan da bir neçə qadın snayperin göndəriləcəyi iddia olunur.