Aprel ayının 2-dən etibarən Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi yenidən pozması ilə başlanan döyüşlər aprelin 5-i saat 12.00-dan etibarən tərəflərin razılığı ilə dayandırılıb. Yenidən atəşkəs elan olunmasına baxmayaraq düşmən tərəfi aprelin 26-sı saat 01.05-dən başlayaraq saat 04.25-dək torpaqlarımızı 82 və 120 millimetrlik minaatanlardan, həmçinin 122 millimetrlik D-30 haubitsalarından və DM-21 yayılım atəşli reaktiv sistemlərdən atəşə tutub.
Azərbaycanın bütövlüyü uğrunda döyüşən ordumuz itki verməyərək düşməni geri çəkilməyə məcbur edib. İlkin məlumatlara görə aprelin 25-dən 26-na keçən gecə baş verən atışmalarda Ermənistan ordusunun 2 hərbi qulluqçusu – Tiqran Poqosyan (1992-ci il) və N.Aruşanyan (1972-ci il) öldürülüb.
"Əsgər anası" İctimai Birliyinin sədri Roza Əliqızı Modern.az saytı vasitəsi ilə erməni analara müraciət edərək övladlarını ordudan geri çağırmağa səsləyib:
"Erməni analarına bildirmək istəyirəm ki, sizin balalarınız boşuna döyüşür, boşuna ölürlər. Bizim oğullar öz vətəni uğrunda döyüşür, bəs sizin oğllarınız neçə illərdir nəyin uğrunda döyüşür?! Sizin torpaqlarınız varsa, gedin orda yaşayın, başqasının torpağına niyə göz dikmisiniz?!
Niyə oğullarınız boşuna ölürlər?
Siz bundan narahat olmursunuz? Bizim əsgərimiz, igidimiz öləndə belə öz torpağında şəhid olur, bəs sizin oğullarınız Azərbaycan torpağında niyə ölürlər? Müraciət edin, səsinizi ucaldın, övladlarınızı qoymayın döyüşlərə". Birlik rəsmisi Azərbaycan ordusunun sonuna qədər mübarizə aparacağını deyib:
"Mənim oğlum yoxdur, amma özüm 22 yaşından hərbidə olmuşam. Bizim torpaqlarımız ermənilərdədir, o torpaqlar uğrunda biz döyüşməliyik. Erməni bizdən aldığını xoşluqla geri qaytarmaq istəməyəcək.
Canımızdan, qanımızdan keçməli olsaq da, o torpaqlara qayıdacağıq. Allah bütün əsgər, şəhid ailələrinə, analarına, səbir versin. Biz də qələbə xəbərini gözləmək ümidi ilə dua edək". R.Əliqızı həmçinin sosial şəbəkə istifadəçilərinə son dərəcə diqqətli olmağı məsləhət görüb:
"Biz analar oğullarımıza güc, qüvvət verməliyik. İllərdir torpaqlarımızdan aralı düşmüşük, balalarımız həmin torpaqların uğrunda vuruşur, can qoyurlar. Xüsusilə sosial şəbəkələrdə məlumat yayanlara müraciət edirəm ki, dəqiqləşdirilməmiş məlumatları yaymayın.
Nəzərə alın ki, gözünün ağı-qarası bircə oğlu olan analar cəbhədən gələn hər xəbərlə ölüb-dirilir.
Döyüşdə qan da olar, şəhid də, qazı də. Amma bu xəbərləri səbirlə, təmkinlə vermək lazımdır. Bəzən oxuduğum məlumatlardan özüm vahiməyə düşürəm. Olmaz, etməyin. Dəqiqləşdirilməmiş məlumatlarınızı, mülahizələrinizi özünüzə saxlayın".